Azərbaycan koronavirusa yoluxma sayı ilə bağlı pik dövrü yaşayır – Mütəxəssis
Azərbaycan yeni növ koronavirusa (COVİD-19) ilk yoluxmanın qeydə alındığı vaxtdan indiyədək olan dövr ərzində yoluxma sayı ilə bağlı pik dövrü yaşayır.
Bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Yoluxma sayındakı artımın yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edildiyini deyən Y.Abdiyeva bildirib ki, ötən həftə ərzində dünyada yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, noyabrın 8-dən 15-dək koronavirusa 3 977 223 nəfər yoluxub, 59 699 nəfər isə vəfat edib.
Mütəxəssisin sözlərinə görə, oktyabrın 29-dan ölkədə gündəlik COVİD-19-a yeni yoluxma sayı 1000-i ötüb. Artan tendensiya ilə müşahidə olunan gündəlik yoluxma sayı noyabrın 15-dən başlayaraq, 2000-dən çox qeydə alınır. Noyabrın 16-sı (1395 yoluxma) istisna olmaqla, noyabrın 17-də 2075, noyabrın 18-də isə 2239 yeni yoluxma halı olub.
Yoluxma sayındakı bu artım tendensiyasından narahatlığını bildirən Y.Abdiyeva deyib ki, ən yüksək yoluxma hələ də Bakı şəhərində qalmaqdadır. Ölkə üzrə yoluxmanın 53,5 faizi paytaxtın payına düşür.
Paytaxtda yoluxmanın sayının çoxluğunu əhalinin sayının burada daha çox olması ilə izah edən mütəxəssis hesab edir ki, hazırki durumda biz yoluxma sayının artmasına təkan verən bütün amillərin aradan qalxmasına çalışmalı, onların say artımına təsir göstərməsinə imkan verməməliyik:
“Nəzərə alaq ki, qeydə alınan hər bir yeni xəstəlik halı yoluxma zəncirinin daha da uzanmasına səbəb olur. Hər bir yeni xəstə ətrafında olan onlarla insanın virusa yoluxmasına səbəb ola bilər. Biz yalnız məsuliyyətli olaraq, bu zənciri qıra və əvvəlki həyatımıza qayıda bilərik!”.