ABŞ və Fransa Minsk Qrupunu dirçəltməyə çalışırlar – “Meydanda iki əsas oyunçu var…”

“Minsk Qrupu həmsədrləri illər uzunu Dağlıq Qarabağ münaqişəsinin “həlliylə” məşğul oldu, əslində isə işğalçının nazı ilə oynadı. Həmsədrlər (ABŞ, Fransa və Rusiya) özlərinin hazırladığı “Madrid planı”nı Ermənistana qəbul etdirmədi. Nəticədə Azərbaycan qərarını verdi və müharibə başladı. Azərbaycan qalibdir. Əlbəttə, bu, Fransa və ABŞ-da bəzi dairələri narahat etsə də, Ermənistanın məğlubiyyətindən çox da kədənlənmirlər. Onları əsas narahat edən Türkiyənin Cənubi Qafqazda artan roludur”.

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert müharibə getdiyi müddətdə Rusiya və Türkiyə liderlərinin 44 gündə bir-birləriylə tez-tez telefon danışıqları apararaq, vəziyyətdən çıxış yolları axtardıqlarını xatırladıb: “İki həmsədr – ABŞ və Fransanın faktiki oyundankənar vəziyyətdə qalması Rusiyanı da narahat etmirdi. Çünki ABŞ və Fransanın Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı var, münasibətlərində kifayət qədər problemlər var. Ona görə də, Moskva müharibə müddətində Paris və Vaşinqtonla hərəkət etməkdənsə, Ankaraya ilə dialoqa ehtiyac duydu. Moskva anlayırdı ki, Azərbaycan Vaşiqnton və Parisin çağırışlarını eşitməyəcək, Bakı daima Ankara ilə təmas içində idi. Buna baxmayaraq, Vaşinqton və Paris son günlər “biz də varıq” deməyə çalışırlar. Parisdə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Fransanın xarici işlər naziri Jan İv Le Drian arasında görüş olub. Müzakirənin əsas mövzularından biri Dağlıq Qarabağ olub. Onlar əvvəlkitək həmsədrlik institutunun davamının gərəkliyini vurğulayıblar.

Birincisi, ABŞ və Fransanın xarici siyasət idarələrinin başçıları atəşkəsin əldə olunmasında Rusiyanın addımlarını qeyd ediblər. Yəni Pompeo və Jan İv Le Drian Rusiyanın addımlarını dəstəklədiklərini deməyiblər, sadəcə “olan faktı qeyd ediblər”. Vaşinqton və Paris qeyri-müəyyən ifadə ilə Rusiyanın atəşkəs naliyyətini tərifləməkdən çəkiniblər.

İkincisi, ABŞ və Fransanın baş diplomatları sualların qaldığını, ən başlıcası isə Türkiyənin rolundan narahat olduqlarını açıq ifadə ediblər. Bu suallara onlar Rusiyadan cavab istəyiblər. Rusiya hər iki həmsədr ölkənin təmsilçilərini məsələni aydınlaşdırmaq üçün Moskvaya dəvət edib. ABŞ və Fransanın baş diplomatları açıq bildiriblər ki, Türkiyənin Şərqi Aralıq, Liviya və Suriyadakı siyasətindən narazıdırlar. Yəni onlar bununla demək istəyiblər ki, Türkiyənin Cənubi Qafqazdakı və Azərbaycandakı fəallığı da onları narahat edir. ABŞ təmsilçisi onu da vurğulayıb ki, Türkiyənin bölgədə hərbi potensialının artmasından narahatdır, elə bil söhbət Vaşinqtonun NATO üzrə müttəfiqindən getmir.

Üçüncüsü, ABŞ və Fransa təmsilçiləri qeyd ediblər ki, danışıqlar yenidən həmsədrlər çərçivəsində aparılmalıdır. Hiss olunur ki, Rusiya da bunu istəyir. Müharibə müddətində Ankara ilə sıx dialoq içərisində olan Moskva Türkiyənin Cənubi Qafqazda artan rolunu balanslaşdırmaq üçün Vaşinqton və Parisin diplomatik imkanlarından istifadə etməyə maraq göstərə bilər”.

E.Şahinoğlunun sözlərinə görə, beləliklə, Fransa və ABŞ yenidən meydana qayıtmaq istəyirlər. “Ancaq meydanda hazırda iki əsas oyunçu var – Rusiya və Türkiyə. Əlbəttə, Ermənistan Fransa və ABŞ-ın oyuna qayıtmasını çox istəyir, çünki müharibə boyunca Vaşinqton və Parisdən öz xeyrinə açıqlamalar əldə edirdi. Əsas sual budur: Biz bu iki dövlətin yenidən danışıqlar prosesində rol almasını istəyirikmi? Rusiya onsuz da ermənilərdən yanadır, bir də ona daha iki ermənipərəst mərkəzin qoşulmasından nə əldə edəcəyik?”, – deyə politoloq vurğulayıb./azpolitika.info/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password