Gəncəliyevin birliyi ləğv edilsin: siyasi fəsadı…
1991-cü ildə de-yure ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin de-fakto varlığına və formal sərhədlərinə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu son qoydu.
10 noyabrda imzalanan üçlü Bəyanatda da Qarabağda yaşayan ermənilər üçün hər hansı status nəzərdə tutulmayıb. Bununla bağlı danışan Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev isə mümkün manipulyasiyaları əvvəlcədən darmadağın edərək, “Nə qədər ki mən prezidentəm, heç bir status olmayacaq” deyə qəti mövqeyini ortaya qoydu.
Bu, milli, Azərbaycanın taleyüklü maraqları naminə görülən, böyük siyasi iradə və qətiyyətlə həyata keçirilən işlər isə ölkəmizdə paralel hüquqi-siyasi addımlarla müşayiət olunmalıdır. Bu addımlardan biri də Dağlıq Qarabağın Azərbaycanlı İcması İB-in adı ilə bağlıdır.
Belə ki, “Dağlıq Qarabağ” de-yure və de-fakto mövcud deyilsə, onun azərbaycanlı icması da ola bilməz. Azərbaycan dövlətinin ərazisində “azərbaycanlı icma” anlayışı yalnız hüquqi deyil, siyasi baxımdan da gülməli səslənir.
Digər tərəfdən, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” hazırda siyasi və milli maraqlarımıza qəti uyğun olmamaqla bərabər, qarşı tərəfə də “saman çöpündən yapışmaq” imkanı verə bilər.
Mövzu ilə bağlı sualımıza cavab olaraq Azərbaycan Ədliyyə Nazirliyindən bildirilib ki, İB-in ləğv edilməsi və ya adının dəyişdirilməsi üçün ictimai təşkilat özü müraciət etməlidir. İndiyə qədər isə belə müraciət daxil olmayıb.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” adlı artıq hüquqi müstəvidə mənasını itirən, siyasi baxımdan isə maraqlarımıza uyğun olmayan ictimai birliyin nümayəndəsi Əhməd Mahmudov qeyd edib ki, bu məsələyə yalnız sədr – Tural Gəncəliyev münasibət bildirə bilər./axar.az/