“Paşinyana 4750 erməni əsgərin itkisi barədə məruzə edilib”
Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan ordusunun itkilərini cəmiyyətin faciənin miqyasını dərk etməməsi üçün gizlədib.
Bu barədə Ermənistanın Vatikandakı sabiq səfiri Mikayel Minasyan Faceebook səhifəsində bildirib.
“Nikol ölən əsgərlərimizin dəfn mərasiminin lentə alınmasını qadağan etdi ki, “qələbə” ilə bağlı yalanlarla doyurulan xalq bu faciənin miqyasını, döyüş əməliyyatları coğrafiyasını, onun əmri ilə qurban getmiş qardaşlarımızın acı taleyini, əsgərlərin fədakarlığını dərk etməsin.
O, ölənlərin sayını azaltdı, gündəlik dərc edilən siyahılar reallığı əks etdirmir. İlk gündən etibarən həqiqi ölüm sayını gizlətmək üçün biabırçı və dəhşətli proses başladı. Bu əməliyyata şəxsən Ermənistanda Nikol, Qarabağda onun həyat yoldaşı rəhbərlik etdi. Yəqin bilmirsiniz ki, Goris, Sisian, Vanadzor, Gümri, Eçmiadzin və İrəvan morqlarında hələ də yer yoxdur. Müharibənin ilk günlərindən etibarən əsgərlərin cəsədləri Abovyanda koronavirusdan ölənlər üçün nəzərdə tutulan meyitxanada saxlanılırdı.
Valideynlər övladlarının cəsədlərinin qalıqlarını təhvil vermək üçün təxminən iki aydır gözləyirlər, uzun növbələr var. Atalar hətta övladlarının cəsədlərini alıb dəfn edə bilmək üçün rüşvət təklif edirlər. Kədərli analar övladlarının cəsədlərini almaqla təsəlli tapırlar, çünki qəbirləri olacaq.
Bunlar Ermənistanda baş verir. Belə çıxır ki, Ermənistanda açıq şəkildə yalan danışmaq, ölən uşaqların meyitlərini soyuducularda günlərlə gizlətmək olar, çünki Nikol və Annanın cədvəlinə görə hər gün 30-40 qurban adının dərc olunmasına icazə verilir”.
Sabiq səfir əlavə edib ki, müharibə qurbanlarının dəqiq sayı açıqlanmır: “Əslində var, amma ictimaiyyətə açıqlanmır. Fakt odur ki, 5 gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi məruzə edib ki, bu vaxta olan məlumatlara görə, 2250 ölmüş və morqa düşən var, 1400 ölmüş və morqa düşməyən var. Həmçinin 1100 nəfər itkin düşüb. Sənədlə Ermənistan baş nazirinə məruzə edilmiş, təsdiqlənmiş ölüm sayı 4750-dir”.
Onun sözlərinə görə, yaşanan dəhşətli faciəyə məsul olanlar o qədər azğınlaşıb ki, müharibənin son həftəsində qurbanların adlarını açıqlamağı tamamilə dayandırıblar.