Biz indi Prezidentimizin dediyi kimi,bir yumruq kimi birləşməliyik

Bu gün ölkədə baş verən hadisələrə, fikir ayrılıqlarına görə qələmimi həm bir jurnalist, həm də Azərbaycan vətəndaşı kimi əlimə almağı özümə borc bildim. Buna səbəb son günlər istər müxalifətin, istərsə də xaricdə yaşayan soydaşlarımızın bəzilərinin Azərbaycanın, Qarabağın qələbəsinə kölgə salıb, xalqı çaşbaş salıb, təbəqələr arasında fikir ayrı-seçkilikləri yaratmaqları, hətta əhalini mitinqlərə çağırmaları, üsyana təhrik etmələri məni susmamağa vadar etdi.

30 illik əsarətdən xilas edilən Qarabağımıza, qələbəmizə kölgə salmağa çalışırlar: «Ay camaat, niyə susursunuz? Ayağa qalxın, mitinqlərə gedin! Şəhid ruhları və sizin haqlarınız tapdanır!» – deyən özlərinə hay-həşir gələn «oğullar», deyin görüm müharibə oldu, 44 gün ərzində harada idiniz? Niyə əlinizə silah alıb döyüşə getmirdiniz? Və yaxud, hansı maddi və mənəvi köməyi etdiniz? Sizlər kimin maşasısınız? Bu yerdə bir məqama toxunmaq istəyirəm: «Kreditlə aldığı telefonunun, paltaryuyan maşınının və s. imzaladığı müqaviləsinin şərtlərini başa düşə bilməyən «bəziləri» dövlətlərarası müqavilənin bəndlərini izah etməyə, ölkədə ixtişaş, fikirayrılığı yaratmağa çalışırlar. Özünüzə gəlin, özünüzü hərbi ekspert kimi təsəvvür etməyin! Narahatsınızsa, diqqətlə bu yazımı oxuyun! Məncə, burada sizi narahat edən suallara cavab tapacaqsınız. Çünki sizlərin başa düşəcəyi tempdə və bütün incəliklərinə qədər açıqlama verəcəyəm.

Beləliklə, ümid edirəm ki, sizlər nə hər hansı bir fitvaya gəlib nə dövləti, nə onun məmurunu, nə də polisini narahat edəcəksiniz. Zatən, bu saat ölkə başçısından tutmuş polisinə qədər hər bir məmurumuzun işi və məsuliyyəti kifayət qədərdir. Unutmayın ki, şəhidlərimizin qanı hələ qurumayıb, bəzilərinin nəşi nə ailələrinə, nə də torpağa tapşırılıb.

Deyirsiniz ki, Ağdərə hanı?! Elə isə oxu və bil!

1 – Ağdərə rayonu ləğv edilərək, Kəlbəcər, Ağdam və Tərtər rayonları aralarında bölüşdürülür. Belə olan halda, Kəlbəcər və Ağdamın qayıtması Ağdərə ərazilərində ermənilərin yaşamayacağı deməkdir.

Əsgəran hanı?! Oxu və bil!

2 – Əsgəran rayonu ləğv edilərək, Ağdam rayonuna birləşdirilmişdir. Bu da o deməkdir ki, Ağdam rayonunun qayıtması ermənilərin Əsgəranda əsla yaşamayacağı deməkdir.

3 – Hazırkı vəziyyətdə Xocavənd rayonunun böyük hissəsi ordumuzun nəzarətindədir və başda Hadrud qəsəbəsi olmaq şərtilə. Bu da o deməkdir ki, güc yolu ilə azad edilmiş Xocavənd rayonunun böyük hissəsində əsla ermənilər yaşaya bilməz.

4 – Xocalı rayonunun bir hissəsi ordumuz tərəfindən azad edilmişdir. Başda Daşaltı kəndi olmaqla. Bu ərazilər də güc yolu ilə alındığı üçün ermənilər orada yaşaya bilməz.

5 – Ermənilərin yaşaya biləcəyi çox kiçik sahə qalır ki, bu da Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının bir hissəsidir.

Qeyd etmək istəyirəm ki, Xocalı faciəsini bizlərə yaşatmış bir xalqın nümayəndələrinin gələcəkdə xocalıların ora qayıdışından sonra orada yaşamaları heç də hazırkı vəziyyətdə inandırıcı görünmür. Belə olan halda, Xocavənddə yaşaya biləcək ermənilər istər-istəməz blokadaya düşəcəklər. Ona görə də bir jurnalist kimi inanmağım gəlmir ki, onlar orada yaşamaq istəsinlər. Qalır yerdə Xankəndi şəhəri. Əsas məsələ də məhz budur. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Onlar Azərbaycan şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar. Azərbaycan dilində danışmağa məcbur ediləcəklər. Və təhsil yalnız Azərbaycan dilində aparılacaq. Niyə belə düşünürəm? Çünki buna əsaslı səbəblərim və faktlarım var:

1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə və dəfələrlə bildirib ki, əsla muxtariyyət olmayacaq. Belə olan halda, ermənilər yalnız öz aralarında erməni dilində danışa bilərlər.

2. Mən bir jurnalist kimi dünyanın 34 ölkəsində dəfələrlə olmuşam və orada şahidi olduğum bəzi faktları oxucularla bölüşmək istəyirəm. Məsələn, qonşu Gürcüstan Respublikasında nə qədər azərbaycanlılar yaşayır, bu, hamıya məlumdur. Bilməyənlərin nəzərinə çatdırım ki, onlar azərbaycanlı olsalar da, Gürcüstan vətəndaşlığını qəbul etmişlər. Təhsil, tədris kitabları, yazı-pozu yalnız gürcü dilindədir. Onlar yalnız aralarında öz ana dilində danışa bilərlər. Ölkənin bütün qanun-qaydalarına hərfiylə riayət etməlidirlər və edirlər də.

3. İran İslam Respublikasına nəzər yetirək. Orada da yaşayan soydaşlarımızda vəziyyət eyni ilə Gürcüstandakı kimidir.

4. Ermənilərə baxaq! Suriya, İran, İsrail, İraq, Dubay, Gürcüstan, Yunanıstan, Ukrayna, Moskva, Almaniya, Fransa, Hollandiya və digər ölkələrdə olduğum zaman araşdırmalar apararkən dəfələrlə rastlaşmışam ki, bu ölkələrdə yaşayan ermənilər də həmin ölkənin vətəndaşlığını qəbul edib, həmin ölkənin dillərində təhsil alır, işləyirlər. Yalnız öz evlərində, ailələrində erməni dilində danışırlar.

5. Qarabağda yaşamağı gözə alsalar, onda ermənilər məcub olub Azərbaycan Respublikasının qayda-qanunlarına şərtsiz riayət etməli olacaqlar. Qanun hamı üçün qanundur. Birmənalı olaraq kimliyindən, vəzifə və səlahiyyətindən asılı olmayaraq hər kəs buna əməl etməlidir.

Məqamında digər bir fakta da toxunum. Mən ermənilərin yaşadıqları ölkələrdə bir jurnalist kimi araşdırmalar apardığım zaman onlarla ayaqüstü söhbətlərim olub. Aralarında deputatından, sürücüsündən, fəhləsindən satıcısına kimi hər kateqoriyada erməni vardı. Onlar Qarabağda vaxtilə xan kefində və sülh şəraitində qardaş kimi yaşadıqlarını, hətta azərbaycanlılarla kirvə belə olduqlarını bildirmişdirlər. Və dəfələrlə qeyd etmişdilər ki, bu gün Qarabağda gördüyünüz kimi, biz də yaşamırıq, bizlərdə oradan qovulmuşuq. Orada bəzi qüvvələr və Ermənistandan – Yerevandan güclə göndərilən ermənilər yaşayır. Qarabağ münaqişəsi zamanı bizlər də Qarabağ camaatı kimi qaçqın düşdük. Oradan gəldik Yerevana. Bizə pis baxdılar, alçaldıb təhqir edib normal işləməyə, yaşamağa qoymadılar. Acından ölməyək deyə ailələrimizlə bu ölkələrə üz tutaraq sığnacaq alıb işləyir və yaşayırıq. Erməniyik düzdür, lakin ölkəmizdən və dövlət başçısının apardığı siyasətdən narazıyıq. Çünki onlar xalqın yox, öz kreslosunun hayındadırlar və Rusiyanın maşasıdırlar. Qarabağ hadisələri də bizim kimi sadə vətəndaşların işi deyil və olmayıb da. Bu, bəzi «siyasətçilərin» şahmat oyunu olub…

Bu yerdə daha bir fakta toxunum. Mən əslən qarabağlıyam. 13 yaşıma qədər Ağdamda yaşamışam. Şahidi olmuşam ki, ermənilərin 90 faizi azərbaycanlı ailələrin, özləri etiraf etdikləri kimi, həqiqətən də kirvələri olublar, qız alıb, qız veriblər. Düzdür, əslində, onlara haqq vermirəm. Tökülən qanlar, yetim qalan körpələr, başsız qalan ailələr baş verən hadisələrin ən böyük təzahürüdür. Hətta onun ən bariz nümunəsi elə mən özüməm. Uzağa getməyə ehtiyac yoxdur. Uşaq vaxtından məcburi köçkünlük həyatı yaşamağa məhkum olundum. Sonra ailə qurdum. Övladımın atası Qarabağ döyüşlərində iki ayağını itirib qayıtdı. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Məncə, artıq şərhə ehtiyac yoxdur.

Mətləbdən uzaqlaşmadan onu da bildirim ki, bu gün Bakıda kifayət qədər erməni yaşayır.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz rəsmi twitter səhifəsində həm dünyaya, həm də xalqımıza müraciət edərək qeyd etmişdir ki, Qarabağ Azərbaycanındır. Erməni hərbçiləri Qarabağdan çıxarıldıqdan, sülh və ədalət bərpa olunub, Qarabağ camaatı öz ata-baba yurdlarına qayıdandan sonra ermənilər əvvəlki kimi orada yaşaya bilərlər.

O zaman susanlar, bəs indi niyə fitvaya gəlib asayişi pozmağa cəhdlər edib fikir ayrılıqları yaratmaqla məşğulsunuz?! Azərbaycan tolerant ölkə olduğunu bütün dünyaya təsdiq etmişdir.

Qayıdaq bağlanmış müqavilənin digər şərtinə və onu açıqlayım. Qarabağla Ermənistan arasında yerləşən Neytral Zonada, yəni Laçın Dəhlizində təhlükəsizlik baxımından yerləşdirilən sülhməramlılar 5 ilin tamamında Dəhlizdən çıxarılacaq.

6 – Dövlətimiz bu müqavilədə qazanan tərəf oldu. Xatırladım ki, 2012-ci ildə Qəbələ RLS-dən rusları biz qovmuşuq. Bu son müqavilədə də qeyd edilib ki, sülhməramlılar 5 il müddətində Qarabağ sərhədlərində, bir daha qeyd edirəm, Qarabağ ərazisində deyil, Laçın Dəhlizinin 5 km ərazisində, yəni ki, Neytral Zonada yerləşdirilir. 5 km ərazi də Qarabağ deyil.

7 – Rusların burada olmasından narahat olanların nəzərinə çatdırım ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev biz jurnalistlərə verdiyi sonuncu müsahibəyə təkrar diqqətlə qulaq assınlar. Prezident orada qeyd edir:

Yenilənmiş bəyanat icmalı.

1. Qeyd-şərtsiz bizim olacaq Qarabağ və bir dənə də olsun erməninin ayağı belə o ərazilərə dəyməyəcək:

(1. Zəngilan 2. Qubadlı 3. Cəbrayıl 4. Füzuli 5. Laçın 6. Kəlbəcər 7. Ağdam 8. Qazax və 9. Şuşa).

2. Azərbaycanlıların və ermənilərin birgə yaşayacağı – Xankəndi, Xocavənd və Xocalı yalnız Azərbaycan ərazisi daxilində qalacaq və nə Ermənistan, nə Artsaxla bağlı heç bir xüsusi status olmayacaq.

Çıxışında Prezident İlham Əliyev bir etiraf etdi: «Bu günə qədər bəzi səbəblərə görə bağlayıb, lakin gizli tutduğum bir məsələni bu gün artıq Azərbaycan xalqı ilə paylaşmalıyam» – deyən Ali Baş Komandan bildirdi ki, illər öncə Türkiyə ilə bağladığım Gizli Müqavilə var idi. Mən olası təhlükələrə, ərazilərimizə qarşı kənar müdaxilələrin nəzərə alaraq, Ermənistan-Rusiya arasında olan KTMT öhdəliyi kimi, mən də Türkiyə ilə müqavilə bağlamışdım. Əsas səbəblərdən biri də o idi ki, döyüşlərdə 3-cü bir dövlət bizə müdaxilə etsə və ya Azərbaycan üçün təhlükə yaransa, bu zaman Türk əsgəri dərhal topaqlarımıza daxil ola və ərazimizin bütövlüyünü Azərbaycan əsgəri ilə birgə qoruya bilər. Dövlətimiz və mən bir prezident kimi hər şeyi ən son nöqtəsinədək fikirləşib vaxtilə bu addımı atmışdıq, atmışıq. Biz bu müqavilə ilə həm Qarabağı, həm də Naxçıvan koridorunu və Qazaxın 7 kəndini əldə etdik. Və bundan sonra da lazımi bütün hədəflərimizə çatacağıq. Buna heç bir kimsənin şübhəsi olmasın. Bu gün rus sülhməramlıları ilə Türk ordusu Laçın dəhlizində eyni səviyyədə yerləşdirilir».

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da mediaya verdiyi müsahibədə açıq şəkildə bildirdi ki, biz iki dövlət, bir millət olaraq bundan sonra da bu yolda birgə addımlayacağıq. Çıxışında Ərdoğan onu da qeyd etdi ki, hazırda türk hərbçiləri mükəmməl şəkildə Laçın Dəhlizində yerləşdiriliblər.

Azərbaycan Respublikasının Prezidenti jurnalistlərə verdiyi müsahibədə onu da bildirdi ki, işğaldan azad edilmiş ərazilərimizdə xüsusi idarəetmənin təşkili haqqında 29 oktyabr 2020-ci il fərmanına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Şuşa, Xocavənd və Hadrut rayonlarında yerli şöbələri artıq fəaliyyətə başlayıblar.

Çıxışında Ali Baş Komandan eləcə də qeyd etdi ki, 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimiz dövlət səviyyəsində orden və medallarla təltif ediləcəklər. Hətta bununla əlaqədar olaraq xüsusi göstərişlər də verdiyini bildirən Prezident bəyan etdi ki, Azərbaycanda yeni orden və medalların təsis edilməsinə başlanılıb. Bu,İkinci Qarabağ müharibəsində əlil və şəhid olmuş qəhrəmanlarımızın və onların ailə üzvlərinin bütün problemləri dövlət tərəfindən öz həllini tapacaq. Eyni zamanda, mənzillərlə də mükafatlandırılacaqlar. Cənnət Qarabağımızda insanlarımızın yaşayışı üçün lazımi olan nə lazımdırsa, qurulub yaradılacaq. Nəinki Qarabağda, hətta 44 günlük müharibədən zərər görmüş rayonlarımızda da abadlıq işləri görüləcək. Dağılmış evlər yeniləri ilə əvəzləncək, bir sözlə, dəyən ziyan dövlət tərəfindən qarşılanacaq. Buna heç kimin şübhəsi olmasın.

Bu yerdə mərhum Prezident, Ulu öndər Heydər Əliyevin son sözlərindən biri yadıma düşdü. Onu da bu gün oxucularla paylaşmağı özümə borc bilirəm: «Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, hətta Qarabağ problemini sizin dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram. İnanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Bir gün üçrəngli bayrağımızın Qarabağda dalğalanacağına əminəm!»

Bəli, bir jurnalist kimi onu da bildirim ki, İlham Əliyev Ulu öndərin siyasi kursunun ən layiqli təmsilçisidir. Heydər Əliyevin yarımçıq qoyduğu işləri bu gun başa çatdıran,tamamlayan İlham Əliyev məhz Heydər Əliyevin bayraqdarıdır. Nə xoş halımıza ki, 30 illik mücadilədən sonra şəhid qanları yerdə qalmadı. Artıq bayrağımız Qarabağda dalğalanır. Bu işdə Azərbaycanın yanında «iki dövlət, bir millət» deyən Türkiyəni, xeyr, «üç dövlət, bir millət» deyən Pakistanı və «Azərbaycanın haqlı davasında ona qarşı duran heç bir ölkəyə əsla silah satmaram» deyib yanımızda olan İspail dövlətini unutmarıq.

Yeri gəlmişkən, çoxlarının bilib və bilmədiyi bir faktı da qeyd edim ki, İsrail hökuməti Azərbaycanın yanında tək sözlə deyil, əməllə də durdu.

Belə ki, bizim «İti qovan» adlandırdığımız pilotsuz uçuş aparatlarını, lazer silahlarını, hətta bu günə qədər dəyərindən də artıq qiymətə almaq istəyən qonşularımıza belə, İsrail istehsalı olan və dünyada yalnız bu ölkədə olan dronları heç kimə satmayan İsrail hökuməti Azərbaycana satdı. Məncə, artıq şərhə ehtiyac yoxdur. Mövzudan da kənara çıxmaq istəmirəm. Çünki bu haqda digər geniş yazılarımı yaxın zamanda sizlərə təqdim etmək niyyətindəyəm.

Son sözüm odur ki, Prezident cənab İlham Əliyev demişkən, biz birlikdə güclüyük! Bir yumruq kimi birləşib bütün prolemlərimizi birlikdə həll etməliyik.

Əziz oxucular! Ümid edirəm ki, narahat qaldığınız istər müqavilənin şərtləri, istərsə də son olayları bütün incəliklərinə qədər təfərrüatlı şəkildə sizlərə çatdırdım. Artıq inanıram ki, sapı özümüzdən olan baltaların cəfəngiyyat dolu heç bir sözünə uymayıb, təhrik edilən nümayişlərə qatılmayacaqsınız. Zaman hər şeyin ən gözəl ilacıdır. Səbrli olun və qələbəmizin dadını çıxarın!

 

Rövşanə Nağıyeva

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password