“Ermənilər neft-qaz kəmərləri keçən 13 rayondan 7-nə raket atıb” – Ekspert

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terror və beynəlxalq neft-qaz kəmərlərinin məqsədli şəkildə hədəfə alınması barədə hesabatın təqdimatı keçirilib.

Sənədi “Qafqaz Regional Ekoloji Mərkəzi”nin sədri Mələk Şükürova və “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı”nın sədri Mirvari Qəhrəmanlı təqdim edib.

Hesabatda Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə və bütövlükdə regionun ekoloji durumuna dəyən ziymiş, ətraf mühitin deqredasiyası ilə nəticələnmiş fəsadlarla bağlı məlumatlar öz əksini tapıb.

M.Şükürova bildirib ki, işğal edilmiş ərazilər azad olunduqdan sonra orada yerli və xarici ekspertlər monitorinqlər keçirəcək: “Həmin ərazilərdə 13 197,5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğaldan azad edilən yerlərdə bu vandalizmin miqyasını hələ hesablamaq mümkün olmayıb. Amma həmin ərazilərdə aparılan monitorinqlərdən sonra bu vandalizmin miqyasını qiymətləndirmək mümkün olacaq”.

Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir: “Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı yasaqlıqları kimi 6 qorunan ərazidə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib və yaxud yox olmaq təhlükəsi ilə üz-üzədir”.​

O bildirib ki, Azərbaycanın meşə ilə örtülü sahələrinin 25%-i işğal altında olan ərazilərdə yerləşir: “Azərkosmos ASC-nin əldə olunan məlumatlar təsdiq edir ki, 260 300 hektar qiymətli meşə sahəsi erməni vandalizmi nəticəsində məhv edilib. Təsadüfi deyil ki, son illər ərzində Ermənistanın mebel sənayesi və bu sahədə ixrac göstəriciləri artıb. Şübhəsiz ki, bu Azərbaycanın işğal altında olan ərazilərində qiymətli ağac növlərinin hesabınadır”.

M.Qəhrəmanlı isə deyib ki, Ermənistan ordusu neft-qaz kəmərləri keçən 13 rayondan 7-ni raket hücumuna məruz qoyub: “Ayıq-sayıqlıq olmasaydı, Azərbaycan çox böyük təhlükə ilə üz-üzə qala bilərdi. Bu ilin iyul ayında Tovuzda baş verən hadisələr göstərdi ki, Azərbaycanın, beynəlxalq neft-qaz kəmərlərinə hücumla bağlı mesajlarıdan narahatlığı əsassız deyil. Bütün dünya şahidi oldu ki, Ermənistan öz mesajlarını reallığa çevirməyə çalışır və beynəlxalq layihələrə təhlükə olacaq hücumlar həyata keçirir.

Ermənistan ordusu strateji və beynəlxalq əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin keçdiyi rayonları mütəmadi raket atəşinə tutur. Bu isə Avropanın enerji təhlükəsizliyinə ən böyük təhdiddir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password