Xameneinin bəyanatı Ermənistana dərs oldu – KİV
İranın Ali lideri Ayətullah Seyid Əli Xameneinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair açıqlaması rəsmi Tehranın Azərbaycanın haqq mübarizəsinə yüksək səviyyədə dəstəyi kimi xarakterizə olunur.
İran mətbuatının (İRNA, Mehr, Tasnim, İLNA saytları, “İran”, “Eqtesad” qəzetləri) bu barədə yazıları və televiziya verilişlərinin təhlili İran ictimaiyyətinin rəsmi Bakının mövqeyini nəinki dəstəklədiyini, onu haqlı saydığını və yardım etməyə hazır olduğunu göstərir. Ali Rəhbər də həmişə olduğu kimi, bu dəfə də xalqının iradəsini ifadə edib. Onun açıqlaması Ermənistanla yanaşı, yerli erməni icmasına da dərs oldu.
Ayətullah Əli Xameneinin şəxsiyyəti elə bir nüfuz sahibidir ki, liderliyi təkcə İran çərçivəsində məhdudlaşmır. Ayətullah Əli Xamenei İraq, Livan, Suriya, Türkiyə və digər Yaxın Şərq ölkələri, eləcə də Orta Asiyadakı dini ictimaiyyət arasında böyük nüfuza malikdir. Onun fətva və tövsiyələri nəzərə alınır və icra olunur.
Beləliklə, İranın Ali Rəhbərinin noyabrın 3-də dövlət televiziyasında çıxışı zamanı Azərbaycanın haqlı olduğunu bəyan edərək “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqları azad olunmalıdır…. Bu torpaqlar Azərbaycanındır və Azərbaycan Respublikasının öz torpaqlarını azad etmək yolundakı mübarizəsi onun haqqıdır” deməsi Azərbaycan-İran münasibətlərində yeni səhifə açacaq.
Burada vacib mesaj odur ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir. Ermənistan bunu könüllü etməyəcəyi təqdirdə, Azərbaycanın işğalçıları hərbi yolla öz ərazisindən qovmağa haqqı var. Heç bir ölkə bu işdə Bakıya nə təzyiq edə, nə də hər hansı şərt irəli sürə bilər. Torpaqlar azad edilmədiyi təqdirdə isə sülh və atəşkəsdən danışmaq yersizdir.
Digər tərəfdən, İranın Ali Lideri Ermənistanı işğalçı kimi təqdim etməklə rəsmi İrəvana təzyiq göstərmiş oldu. İndi ola bilsin ki, Ermənistan hakimiyyəti onu işğalçı sayan İran Ali Liderinin hansı gücə və nüfuza malik olmasını yaxşı başa düşdüyü üçün bu çıxışdan nəticə çıxaracaqdır.
Bu günlərdə isə İranın nüfuzlu iki mərceyi-təqlid alimləri – Ayətullah Nuri Həmədani və Ayətullah Məkarim Şirazi Azərbaycana dəstək nümayiş etdirib və Ermənistanı işğala son qoymağa çağırıblar.
Görünür, İran-Azərbaycan münasibətlərindəki dostluq, qardaşlıq və əməkdaşlıq prinsipləri indiki dövrdə yüksək səviyyədədir. Bunu iki ölkəni ən yüksək səviyyədə təmsil edən şəxslərinin müsahibələrindən də görmək mümkündür.
Azərbaycanın İranla sərhəd ərazisinin Ermənistan işğalından azad edilməsi və Prezident İlham Əliyevin iki ölkəni bu münasibətlə təbrik etməsi də buna bariz nümunədir. Həmçinin İranla əməkdaşlıq məsələsi işğaldan azad olunan ərazilərlə bağlı da davam edəcək. Həmin ərazilərin bərpası prosesində İran şirkətlərinin iştirakı, qarşılıqlı ticarət, gediş-gəliş hər iki tərəfə fayda gətirəcək, ümumilikdə bölgənin sürətli inkişafına səbəb olacaq./axar.az/