Cəmi 1 aya xalq orduya fantastik məbləğdə yardım edib
Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün əks-hücum hərbi əməliyyatlarına başladıqdan sonra Silahlı Qüvvələrə Yardım Fonduna köçürülən ianələrin məbləği açıqlanıb.
Oktyabrın 1-dən noyabrın 2-dək Fonda 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub.
Son bir ay ərzində Fonda təxminən 96 milyon 400 min manatdan artıq vəsait köçürülüb. Fonda yığılan ümumi məbləğ 218 milyon manata yaxındır.
Bu, bir daha göstərir ki, Azərbaycan xalqı torpaqların azad edilməsi üçün keçirilən əks-hücum hərbi əməliyyatlarını tam qüvvəsi ilə dəstəkləyir və sonadək Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun və Ali Baş Komandanın arxasındadır. Orduya yardım üçün köçürülən vəsaitlər bu dəstəyin əyani göstəricisidir.
Döyüşlər başlayandan bəri xalq yumruq kimi bir olaraq dövləti, dövlət başçısını müdafiə edir. Burada orduya dəstək üçün sahibkarların və sıravi xalqın yardımlaşması da diqqət çəkir. Azərbaycan xalqı Ordusu ilə, Prezidenti ilə, hər bir fərdi ilə həmrəy olaraq işğal altında olan torpaqları azad etməyə davam edir.
Prezident İlham Əliyevin də bildirdiyi kimi “Biz haqq yolundayıq, yumruq kimi birik. Bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir”.