İşğaldan azad edilmiş yerlərə necə getmək olar? – AÇIQLAMA
Son zamanlar azad olunmuş ərazilərə səfər edib oradakı görüntüləri lentə alan tanınmış insanlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bu cür videoların sosial şəbəkələrdə paylaşılması isə böyük müzakirələrə səbəb olur.
Məsələ ilə bağlı hərbi ekspert Ramil Məmmədli müharibə gedən ərazilərə xüsusi icazə olmadan səfər etməyin mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, bu cür hallar hüquq-mühafizə orqanları tərəfindən tənzimlənir.
“Müharibə gedən ərazilərə xüsusi icazə olmadan səfər etmək mümkün deyil. Mən düşünürəm ki, bu aidiyyatı qurumların göstərişi ilə həyata keçirilən səfərlərdir. Əgər həmin ərazi hərbi strateji ərazi deyilsə və tam təhlükəsizdirsə, ora gedib çəkiliş etmək olar. Bu yaxınlarda Müdafiə Nazirliyi jurnalistlər üçün bu cür səfər təşkil edib. Mən inanmıram ki, kimsə ora icazəsiz gedə bilsin. Çünki o ərazilərə çatmaq üçün bir neçə hərbi nəzarət-keçid məntəqələrindən keçmək lazımdır. Bu buraxılış postlarının hər birində də ciddi yoxlamalar var”.
Qeyd edək ki, bir müddət əvvəl şəhid olan Milli Qəhrəman, polkovnik Şükür Həmidovun ölümünə səbəb kimi onun sosial şəbəkələrdə yayılan videosu göstərilmişdi. //Open.az