Paşinyanın Putinə yazdığı məktubu niyə XİN göndərib? – Baş nazirin sözçüsü suala cavab verə bilmədi

Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident Vladimir Putinə yazdığı məktubun tam mətni hələ İrəvan mediasında dərc olunmayıb. Yalnız Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi veb saytında məktubun göndərildiyi və qısa məzmunu haqda mesaj yerləşdirilib. “Yerevan.today” nəşri məktubun Moskvaya baş nazir idarəsi tərəfindən deyil, hökumət tərəfindən göndərilməsinə xüsusi diqqət çəkib.

Nəşr mövzu ilə bağlı Baş nazirin mətbuat katibi Mane Gevorkyandan müsahibə alıb.

“Nəyə görə Paşinyanın Putinə məktubu XİN tərəfindən göndərilib?” sualına o, belə cavab verib: “Yəqin belə məsləhət görülüb, başqa heç nə əlavə edə bilmərəm”.

Nəşr yazır ki, Kremlə göndərilən məktub nə Ermənistan Baş nazirinin veb saytında, nə də Paşinyanın rəsmi Facebook səhifəsində yayımlanıb.

Gevorkyan bunun səbəbini belə izah edib: “Konkret səbəblər axtarmayın. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi ilə əlaqə saxlayın və soruşun ki, niyə məktub XİN vasitəsi ilə Moskvaya göndərilib”.

“Rusiyadan gələn cavab mənim tərəfimdən yerləşdirilmiş olsaydı, suallarınızı cavablandırardım, bu halda Ermənistan XİN-nin  mətbuat katibi ilə əlaqə saxlamağınızı xahiş edirəm”. Sözçü əlavə edib.

Məktubun məzmununa gəldikdə isə  baş nazirin mətbuat katibi təfərrüatı vermək istəməyib: “Məlumatlar çox əhatəlidir, mətni tam olaraq dərc etmək göstərişi olarsa, bunu edəcəyik”.

Xatırladaq ki, bu gün oktyabrın 31-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək, işğal edilən Dağlıq Qarabağdakı vəziyyəti və ortaya çıxan problemləri ətraflı təqdim edib.

Baş nazir məktubda yazıb ki, hərbi əməliyyatlar hazırda Ermənistan sərhədinə yaxınlaşıb.  Azərbaycan Ordusunun ölkə ərazisinə daxil olmaq təhlükəsi var. Bu baxımdan rəsmi İrəvan təhlükəsizliyini təmin etmək üçün Rusiya Federasiyasının Prezidentindən kömək istəyib./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password