Müdafiə Nazirliyi: Xeyli sayda itki verən düşmən geri çəkilib
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.
Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.
Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.