Türkiyəyə Qarabağa görə təzyiqlər artdı – Azərbaycana dəstək olduğun üçün…
“Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır”.
Bu sözləri millət vəkili Vüqar Bayramov deyib.
O qeyd edib ki, siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin həcmi də azalmaqdadır: “Ötən ilə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir. Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb. Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyaların tətbiqi mümkünlüyü də müzakirə olunur”.
V.Bayramovun sözlərinə görə, Türkiyənin cəlb etdiyi xarici birbaşa invesitisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür: “Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq. Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhvə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər.
Gəlin Bir Millət, İki Dövlət birliyinə hamımız töhvə verək!”