“Noyabra qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” – Rusiyalı politoloq
Dağlıq Qarabağda hərbi əməliyyatlar davam edir. Rusiyalı politoloq Aleksandr Karavayevin fikrincə, noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini işğaldan azad edə biləcək.
“Hazırda müşahidə olunan gedişata əsaslanaraq, noyabrın 1-nə qədər Azərbaycan bütöv Qarabağı işğaldan azad edə bilməsə də, işğal altındakı ərazilərin dörddə üçünü öz nəzarəti altına qaytara biləcək. Bundan sonra tərəflərin Madrid prinsiplərinə qayıdacaqlarını söyləmək çətin məsələdir, hər şey İrəvanın sarsıdıcı məğlubiyyətindən sonra tərəflərin əhval-ruhiyyəsindən asılı olacaq.
Prezident İlham Əliyev şərtlərini yenidən təkrarlamaq məcburiyyətində qalacaq, çünki mövqelər əhəmiyyətli dərəcədə dəyişib və bu anda əsas kartlar Azərbaycanın əlində olacaq”, – deyə Aleksandr Karavayev müsahibəsində bildirib.
Onun sözlərinə görə, İlham Əliyev müxtəlif müsahibələrində Azərbaycanın suverenliyinin sarsılmaz olduğunu, lakin Qarabağın erməni əhalisinin mədəni muxtariyyət ala biləcəyini bildirib.
“Digər bir sual yaranır, Ermənistan buna hazır olacaqmı, hərbi əməliyyatlara görə Qarabağı tərk edənlərin geri qayıtmasına razı olacaqlarmı. Axı buna razılaşsalar da, erməni siyasətinin girovuna çevrilə bilərlər. Bu, çox vacib bir məqamdır, Azərbaycan rəhbərliyinin Qarabağ ermənilərinə verəcəyi zəmanətlər fonunda nəzərə alınmalıdır. Bu qədər uzun müddət davam edən qarşılıqlı nifrətdən sonra yer üzündə nə vaxtsa olan bu barışı bərpa etmək çox çətindir. Bu çağırış döyüş əməliyyatlarının bitməsindən az məna kəsb etmir”, – A. Karavayev deyib.
Ekspert birmənalı şəkildə KTMT-ni münaqişəyə cəlb etmək üçün erməni tərəfinin təxribatlarını uğursuz hesab edib. “Bu mövzu əvvəllər beynəlxalq hüquq və postsovet məkanı səviyyəsində siyasətçilər və eksperlər tərəfindən qeyri-mümkün hal kimi qiymətləndirilməsinə baxmayaraq, artıq gündəmdə deyil. Ermənistanın KTMT-nın köməyindən istifadə etməsinə imkan verən heç bir mexanizm yoxdur. Aydın məsələdir ki, Dağlıq Qarabağdakı döyüşlər Ermənistanın sərhədlərindən kənarda olan hərbi əməliyyatlardır”, – deyə A. Karavayev qeyd edib.
Politoloq xatırladıb ki, münaqişə tərəfləri müharibə əməliyyatlarının şərtlərinə riayət etməlidirlər. “Bu, tərəflər Cenevrə Konvensiyasının tələbləri çərçivəsində hərbi əməliyyatları ədalətli qaydada apardıqda, humanitar razılıqla bağlı müqavilələrə müraciət etdikdə, əsirləri dəyişdirdikdə və ölənlərin cəsədlərini təhvil verdikdə mümkündür. Lakin tərəflər və ya tərəflərdən biri bunu etmədikdə, bu mümkün deyil. Məsələn, müharibə zonasından kənarda yaşayan dinc əhaliyə qarşı zərbə endirirlər. Bu vəziyyətdə söhbət Ermənistandan gedir. Belə hallarda, təəssüf ki, heç bir real təzyiq mexanizmi yoxdur. Bu, yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədri olan aparıcı qüvvələrin Azərbaycanın təhdid olduğu nöqtələrə məqsədli zərbələr endirərək cavab verə biləcəyi faktından irəli gəlir”, – A. Karavayev deyib.
Xatırladaq ki, oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksi yerləşdirilib. Gəncə, Mingəçevir və Azərbaycanın digər şəhərlərindəki dinc əhali və infrastruktur buradan hədəfə alınıb. Azərbaycan ordusu Ermənistan tərəfindən oktyabrın 11-də Gəncədə törətdiyi cinayət hadisəsinə bənzər digər bir hərbi cinayətin təkrarlanmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür.
Aleksandr Karavayev qeyd edib ki, bu qabaqlayıcı tədbirlərdən sonra Azərbaycanla bağlı heç bir açıqlama verilməyib. “Çünki hamı başa düşür ki, Azərbaycan öz ölkəsinin mülki obyektlərinə və dinc əhalisinə yönələn təhlükəni aradan qaldırmaq üçün lazımi tədbirlər görmək hüququna malikdir. Müxtəlif ölkələrin hökumət rəhbərləri və siyasətçiləri Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağıran bəyanatlarla çıxış etsələr də, burada qeyri-təbii heç nə yoxdur. Bu, vacib məsələdir və belə də olacaq, əsas odur ki, Azərbaycanın bu münaqişəni istədiyi kimi həll etmək hüququ və imkanları olsun”, – deyə politoloq vurğulayıb.
Onun fikrincə, Azərbaycan hazırda o səviyyədədir ki, ölkənin potensialını dəqiq müəyyən etmək mümkün deyil. “Bu illər ərzində Azərbaycan böyük potensial əldə edib, müxtəlif sahələrdə uğurlar qazanıb. Dövlət başçısı fenomenal diplomatik işlər həyata keçirib. Xüsusilə, Davosdakı Dünya İqtisadi Forumunun işində mütəmadi olaraq iştirak edir, burada dünyanın ən böyük şirkətlərinin rəhbərləri və güc qüvvələrinin liderləri ilə əlaqə yaradır. Azərbaycan həm Rusiya, həm Avropa, həm də Çin və Qoşulmama Hərəkatına üzv olan ölkələrlə aktiv şəkildə qarşılıqlı əlaqədədir.
Bu gün Qarabağ münaqişəsinin həlli üçün çox münasib zamandır. Əlbəttə ki, tənqid edənlərin də səsi eşidiləcək, amma İlham Əliyev qərar verən qüvvələrə lazımi təsiri göstərə bilib, ölkənizin onlara ehtiyac duyduqları tərəfdaş olduğunu sübut edib”, – deyə Aleksandr Karavayev fikrini yekunlaşdırıb./media.az/