İRAN ÇƏTİN SEÇİM QARŞISINDA QALIB: Ermənistanı, yoxsa Azərbaycanı müdafiə etməli?
Kürşad ZORLU,
professor
İrəliləyən Azərbaycan ordusu dünən İran-Qarabağ xəttini nəzarət altına aldı. Ağbənd sərhəd qapısının da alınması ilə İrandan işğal bölgəsinə verilən logistika dəstəyinin önü ciddi ölçüdə kəsilmiş oldu. Bunun döyüş meydanında, hətta danışıqlar masasında təsirlərinin olacağını söyləmək mümkündür.
Qarabağ problemi yaranmış mövcud durumu ilə İran baxımından olduqca strateji və qarmaşıq bir hal almaqdadır.
Öncəliklə, Gülüstan (1813) və Türkmənçay (1828) anlaşmaları ilə Azərbaycanın şimal və cənub olmaqla, iki yerə ayrıldığını xatırlamaq lazımdır. Şimali Azərbaycan çar Rusiyasında, Cənubi Azərbaycan isə İranda qalmışdır. İran bu anlayışları daima təhdid olaraq görmüşdür. 1918-ci ildə şimalda qurulan Azərbaycan Cümhuriyyətini belə, təqribən 2 il sonra tanımışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra intensivləşən Ermənistan işğalı və meydana gələn toqquşmalar İranın da təhlükəsizliyi üçün təhdid yaradınca, Tehranın 2 dəfə vasitəçilik cəhdi etməsi uğursuzluqla nəticələnmişdir. Hətta bu yoxlamalar zamanı Ermənistanın əldə etdiyi nəticələr işğalın ən kritik addımları olmuşdur.
Birinci dəfə 24 fevral 1992-ci ildə İran Xarici işlər naziri Əli Əkbər Vilayəti tərəflər arasında vasitəçilik etmək məqsədilə bölgəyə səfər etmiş və uzlaşma əldə edilməsi üçün çalışılırkən, Ermənistan Xocalı soyqırımını gerçəkləşdirmişdir.
İkinci dəfə 7 may 1992-ci ildə Tehranda Azərbaycan Milli Məclisinin sədri Yaqub Məmmədov, Ermənistan Prezidenti Levon Ter-Petrosyan və İran Prezidenti Haşimi Rəfsancani arasında görüş keçirilmişdir. Burada Azərbaycanla Ermənistan arasında 8 maddəlik bir anlaşma imzalanmışdır. Lakin Ermənistan bu anlaşmadan 2 gün sonra, 9 mayda Şuşanı, 17 mayda isə Laçını işğal etmişdir.
Bu iki uğursuz təşəbbüs İranın gələcək cəhdlərini də əngəlləmişdir.
Cənubi Qafqazda regiondan kənar aktyorların təsirini qırmaq baxımından, Qarabağ İran üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə ABŞ və Qərbin burada aktivləşməməsi üçün Qarabağ önəm kəsb edir.
Azərbaycanla İsrail arasındakı münasibətlərin inkişafı da İranın Ermənistanla yaxınlaşmasında rol oynayan başqa bir amildir.
Bütün bunlarla birlikdə, Tehran, İrandakı 35 milyon Azərbaycan türkünü nəzərə alaraq, Qarabağdakı münaqişə halını Azərbaycana qarşı bir təzyiq vasitəsi olaraq görməkdədir. Əgər problem Azərbaycanın lehinə həll edilərsə, bu, İrandakı insanlara bir ümid olacaq, İranın bütövlüyü risk altına girəcəkdir. Əslində Şimali və Cənubi Azərbaycanın bir gün birləşəcəyi yönündəki istək və iddialar yeni deyildir, müxtəlif səviyyələrdə açıqca dilə gətirilməkdədir.
Ayrıca, Ermənistanın xarici ticarətində bu gün ən önəmli rol oynayan ölkələrdən biri, – Türkiyə, Azərbaycan və Gürcüstanla olan mövcud münasibətləri səbəbilə, – İrandır. Burada İranın erməni diasporasından öz lehinə istifadə etməsi hədəfi də öz təsirini göstərir. İranda ermənilərin ana dildən istifadə haqqı 35 milyon Azərbaycan türkününkündən çox irəli getmiş durumdadır.
Digər tərəfdən, İran, Qarabağ problemilə bağlı izlədiyi siyasətlə Ermənistanın özündən daha asılı duruma düşməsini hədəfləməkdədir.
Bütün bunlara baxmayaraq, münaqişənin uzun sürməsi İran baxımından riskləri artırmaqdadır. Xaosun artması ilə birlikdə, xristian Ermənistanla müsəlman Azərbaycan arasında seçim etmək məcburiyyəti İranı daxildə çətinliyə salmaqdadır. Və son döyüşlər zamanı olduğu kimi, buradakı Azərbaycan türkləri ortaq reaksiya verməkdədirlər.
Beləliklə, əgər İran öz bütövlüyünə və regionun sabitliyinə həqiqətən önəm verirsə, Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməlidir./tərcümə Strateq.az/