Gələn ildən Azərbaycanda tikinti bumu yaşanacaq – Böyük qayıdış

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra böyük qayıdış proqramının icrası həyata keçiriləcək. Bu proqrama uyğun olaraq işğaldan azad edilən ərazilərdə əvvəlki məskunlaşmaya uyğun olaraq yaşayış evləri, sosial obyektlər (məktəb, xəstəxana və s.), avtomobil yolları, elektrik, su, qaz xətləri, sənaye müəssisələri, kənd təsərrüfatı müəssisələri, xidmət və digər obyektlər inşa edilməlidir.

Ərazinin böyük olması, əhalinin sayının çoxluğu işğaldan azad edilən ərazilərdə əsas kapitala böyük sərmayə qoyuluşunu tələb edir. Müxtəlif dəyərləndirmələrə əsasən əsas kapitala sərmayə qoyuluşunun kəskin artması baş verəcək ki, bu da ölkəmizdə tikinti sektoru üzrə sürətli böyüməyə səbəb olacaq və sektor üzrə ən azı 3 il davamlı artıma təminat yaranacaq.

Sfera.az xatırladır ki, Azərbaycanda tikinti sektorunda, yəni əsas kapitala sərmayə qoyuluşunda 2014-cü ildən geriləmə qeydə alınır. Sonuncu dəfə 2013-cü ildə əsas kapitala sərmayə qoyuluşunda artım olub. Həmin il tikinti sektoru üzrə 15,1 faiz artıma nail olunub.

Növbəti ildən dinamika azalmaya doğru gedir. Belə ki, əsas kapitala sərmayə qoyuluşu 2014-cü ildə 1,7 faiz, 2015-ci ildə 11,1 faiz, 2016-cı ildə 26,1 faiz, 2017-ci ildə 3,6 faiz, 2018-ci ildə 4,4 faiz, 2019-cu ildə 2,3 faiz azalıb. Azalma da 2020-ci ildə də davam edir. 2020-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala sərmayə qoyuluşu 3,8 faiz, o cümlədən qeyri neft-qaz sektorunda 14,1 faiz azalıb.

Böyük qayıdışla əlaqədar olaraq ehtimal edilir ki, əsas kapitala sərmayə qoyuluşu 7 ildən sonra 2021-ci ildə artacaq. Böyük həcmli, iri sərmayə tutumlu layihələrin icrası əsas kapitalda genişlənməyə imkan yaradacaq.

İşğaldan azad edilən ərazilərin sərmayə potensialını qiymətləndirmək üçün bəzi faktlara diqqət yetirmək kifayətdir. Ermənistanın işğal etdiyi ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti təcavüzün qurbanı olub, 1200 km irriqasiya sistemi məhv edilib. İşğal olunan ərazilərdə 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103 200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion qalıb.

İşğaldan ötən 27 il ərzində məcburi köçkünlərin sayında böyük artım qeydə alınıb. Ağdam rayonunun əhalisinin sayı 165 min nəfərdən 205 min nəfərə, Füzuli rayonunun əhalisi 105 mindən 135 minə, Xocəvənd rayonunun əhalisi 37 mindən 44 minə, Xocalı rayonunun əhalisi 20 mindən 29 minə, Şuşa rayonunun əhalisi 22 mindən 35 minə, Cəbrayı rayonunun əhalisi 60 mindən 82 minə, Xankəndi şəhərinin əhalisi 45 mindən 56 minə, Kəlbəcər rayonunun əhalisi 58 mindən 95 minə, Laçın rayonunun əhalisi 57 mindən 79 minə, Qubadlı rayonunun əhalisi 28 mindən 42 minə, Zəngilan rayonunun əhalisi 30 mindən 46 minə qədər artıb.

Nəticədə son məlumata əsasən Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə aid olan yaşayış məntəqələri üzrə təxminən 690 min, Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan yaşayış məntəqələri üzrə 259 min əhali qeydiyyatdadır. Ümumilikdə, 950 min insan işğal bölgəsində qeydiyyatda olub. Bunların bir qismi Ağdamın, Füzulinin, Tərtərin işğal edilməyən hissələrində məskunlaşan insanlardır. Eyni zamanda əhalinin bir hissəsini də Xankəndi, Şuşa, Xocəvənd, Xocalı, Tərtər rayonlarının ərazində yaşayan erməni əhalisi təşkil edib. Faktiki yaşayanları sayı nəzərə aldıqda məlum olur ki, məskunlaşmanı təmin etmək məqsədilə ərazidə qeydiyyatda olan təxminən 700-800 min insan üçün yaşayış məntəqələri tikilməlidir.

Bu baxımdan əvvəllər mövcud olan 131 min ev kifayət etməyəcək və ərazidə daha çox sayda mənzillərin tikintisi tələb olunacaq. Əhalinin sayının artması həmçinin daha çox məktəb, xəstəxana, yol, kommunal xidmət vasitələrinin inşaasına ehtiyac yaranacaq. Yaranmış vəziyyətdə məskunlaşmanın təmin edilməsi məqsədilə hər il bir neçə milyard manat vəsait lazım gələcək ki, bu da əsas kapitala qoyulan sərmayənin hər il 10 faizdən çox artmasına, tikinti-quraşdırma işlərinin miqyasının və həcminin böyüməsinə şərait yaradacaq./sfera.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password