Paşinyan danışıqlardan imtina etdi və bütün erməniləri silaha sarılmağa çağırdı
Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolu yoxdur.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan “Facebook”səhifəsində etdiyi canlı yayımda deyib.
“Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin bu mərhələdən başlayaraq diplomatik həll yolu yoxdur”, – Paşinyan qeyd edib.
Bundan başqa, Ermənistan Baş naziri Nikol Paşinyan bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında özünümüdafiə dəstələrinin yaradılması tələbi ilə müraciət edib. O, bütün erməniləri silaha sarılmağa və “axıra qədər döyüşməyə” çağırıb. Hərçənd “axıra qədər döyüşmək” indiki halda Paşinyanın ordusu üçün ancaq axırıncı əsgərə qədər döyüşdə öldürülmək mənasını da verə bilər.
“Onlar xüsusilə komandanlığın qarşılarına qoyacağı vəzifələri yerinə yetirməlidirlər”, – Paşinyan müraciətində deyib.
Qeyd edək ki, Dağlıq Qarabağdakı Ermənistan ordusunun əhəmiyyətli hissəsi Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı məğlub olub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri artıq döyüşə getməkdən imtina edir və mövqelərini tərk edir. Azərbaycan Ordusu sürətlə irəliləyir, işğal olunmuş kəndləri bir-birinin ardınca azad edir.