Ali Baş Komandanın rəhbərliyi ilə çox uzaqda olmayan Qələbə sevincini yaşayacağımıza inanırıq
Qüdrətli Azərbaycan Ordusu torpaqlarımıza göz dikmiş işğalçı Ermənistanın silahlı qüvvələrinə ağır zərbələr endirir. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə göz açmağa imkan vermirlər. Düşmən ölkə böyük itkilər verərək işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilir.
Sentyabrın 27-dən başlamış qalibiyyətli döyüşlər Azərbaycan Ordusunun real gücünu bir daha sübut etdi. Məhz ordumuzun gücü ilə status-kvo və Ermənistanın xüsusi planlarla formalaşdırdığı düzxətli qısa təmas xətti dəyişdi. Qarabağ uğrunda Vətən müharibəsi tarixində ən əlamətdar qələbələrin kökündə məhz bu amillər dayanır.
Ordumuz özünün şərəfli və qalib imicini dalbadal hərbi uğurlarla formalaşdırdı. Prezident İlham Əliyev dünyanın məşhur media orqanlarına geniş müsahibələrində Azərbaycan həqiqətlərini, ordumuzun uğurlarını bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı göstərdi ki, Azərbaycan Ordusu ən müasir hərbi texnika və texnologiyaların üzərində dayanıb, xalqın birmənalı və geniş dəstəyinə söykənir. Ordumuz haqq işi uğrunda döyüşür, canlı qüvvə sarıdan böyük ehtiyatlara malikdir, öz tarixinə və torpağına qırılmaz şəkildə bağlıdır.
Azərbaycan Ordusunun bir-birinin ardınca azad etdiyi yaşayış məntəqələri onun gücü ilə tam mütənasibdir. Ordumuz indiki imkanlarla bütün işğaldakı ərazilərimizi sonadək azad etmək gücünə malik olduğunu sübut edir.
Amma məlum olduğu kimi, oktyabr ayının 17-də gecə saatlarında erməni vandalları Gəncədə yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutdular. Həm də bu xaincəsinə hücum Gəncəyə artıq ikinci dəfə həyata keçirildi. Sonuncu hücum nəticəsində dinc sakinlərin – qadınların, qocaların və uşaqların həlak olması təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə amansız cinayətdir. Ermənilərin bu hücumu bütün müharibə qanunlarına və insanlığa zidd olan, misli görünməmiş bir vəhşilikdir. Bu qanlı əməllərinə görə Ermənistanın azğın rəhbərliyi beynəlxalq məhkəmədə cinayət məsuliyyətinə cəlb edilməli və layiqli cəzasını almalıdır. Bununla yanaşı isə şanlı Azərbaycan ordusu da dinc əhalinin qanını tökən erməni işğalçılarını döyüş meydanında cəzalandırmaqda davam edir və davam edəcək. Çünki bu gün artıq ötən əsrin 90-cı illəri deyil və bu gün erməni işğalçılarının qarşısında daha 25-30 il danışıqlar prosesinin nəticələrini ümidlə gözləyəcək bir ölkə dayanmayıb. Bu gün Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya, böyük beynəlxalq nüfuza sahib olan bir dövlətdir. Bu dövlətin başında isə cənab İlham Əliyev kimi mahir diplomat, dünya səviyyəli uzaqgörən siyasi xadim və polad iradəli Ali Baş Komandan durur. Əlbəttə ki, belə olan halda təcavüzkarın hər bir həmləsi ona çox baha başa gələcək və gəlir də. Torpaqlarımız ardıcıl olaraq işğaldan azad olunur və heç şübhəsiz ən qısa zamanda Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcəkdir.
Təsadüfi deyil ki, düşmən Ermənistanın ideoloqları ordumuzun malik olduğu üstünlükləri və legitim güc mənbələrini şübhə altına almaq və gözdən salmaq üçün hər cür yalanlara əl atır. Düşmənin ən çox hallandırdığı və iflasa uğradığı tezis guya ordumuzda başqa ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin olmasıdır. Prezident İlham Əliyev ordumuzu xarici muzdlularla bağlamaq istəyən düşmən təbliğatını dəqiq və arqumentli faktlarla ifşa etdi. Dövlətimizin başçısı əksinə, Ermənistanın özünün əsasən cinayətkar muzdlulardan ibarət hərbi birləşmələrin ümidinə qaldığını xüsusi vurğuladı.
İşğal olunmuş Azərbaycan torpaqlarında hansı kriminal cinayətlərin və hazırlıqların getdiyi barədə xəbərdarlıqlar özünü tam doğruldur. Azərbaycan Ordusu məhz bu istiqamətdə dəyərli sübutlar qazanır. Bir vaxtlar Azərbaycanın rəsmi dövlət orqanları Dağlıq Qarabağın beynəlxalq narkotrafikin əsas tranzit məntəqələrindən və mənbələrindən biri olduğunu faktlarla demişdi. Ordumuzun Füzulidə narkotik plantasiyası və narkolaboratoriya aşkarlaması əvvəlki xəbərdarlıqları sübut edir. Azərbaycan dövlətinin Dağlıq Qarabağın terrorçular üçün təlim-məşq meydanına çevrildiyi barədə daha əvvəllərdən ortaya qoyduğu xəbərdarlıqlar da özünü doğruldur. İndi Ermənistan ordusunun əsas kadr bazası xaricdən gətirilən terrorçulardır.
Ermənistan qoşunları tərəfindən işğal edilmiş torpaqlarımızda Milli Ordumuzun əldə etdiyi uğurlar, cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri daha da ruhlandırır. İnanırıq ki, tezliklə qələbə xəbərləri işğal edilmiş torpaqlarımızda – Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında və digər rayonlarımızda Azərbaycan bayrağının dalğalanmasına qədər davam edəcək. Bütün Azərbaycan xalqı bu günü səbirsizliklə gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox uzaqda olmayan Qələbə sevincini yaşayacağımıza inanırıq.
Azərbaycan Ordusu Ermənistanın timsalında işğalçı dövlətlə müharibədə zəfər tarixi yazır. Böhtan və saxtakarlıqlar isə Azərbaycan Ordusunun qələbələrinə kölgə sala bilməz.
Malik Abışov,
Yardımlı rayon Maliyyə İdarəsinin rəisi