Bizə Ermənistanda muxtariyyət verilməlidir – Qafar Çaxmaqlı
Əgər Ermənistan Dağlıq Qarabağdakı 60 min erməninin taleyini bu qədər düşünürsə, onda Ermənistandan qovduğu 250 min azərbaycanlını da nəzərə almalıdır və bizim kompakt yaşadığımız ərazilərimizə haqqımızı tanımalıdır. Azərbaycan da danışıqlarda İrəvan türklərinin taleyini rəsmi arqument kimi masaya qoymalıdır.
Bu sözləri açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının təsisçisi Qafar Çaxmaqlı deyib.
Q.Çaxmaqlı bildirib ki, əgər Dağlıq Qarabağda ermənilərə muxtariyyət müzakirə edilərsə, İrəvan türkləri də öz haqlarını almalıdır:
“Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasına Zəngəzur və Göyçə bölgəsində muxtariyyət verilməlidir. Bu torpaqların qanuni vətəndaşları var. İrəvan türkləri öz torpaqlarında yaşamaq istəyir və Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Bu gün bizdə bəhs etdiyim torpaqlarla bağlı rəsmi sənədlər, hüquqi əsaslar var. Rəsmi İrəvan gec-tez bu reallıqlarla barışmalı olacaq”./axar.az/