ŞUŞA!!! “Hisslərimi necə ifadə edim, bilmirəm” – VARİS YAZIR
Bəzən qələm doğrudan da iç dünyasındakı təlatümləri təsvir etməkdə çətinlik çəkir. Ya, tam aciz qalır.
Mən heç vaxt Şuşada olmamışam. 1992-ci ildə Şuşa işğal olunanda, qürurumuz taptananda biz – mən, Faiq Hüsiyev və Aida Eyvazlı ali təhsilimizi alıb yenicə mediada çalışırdıq, həmin gün- mayın 8-i hönkürərək ağlamışdıq, bu xəbər gizlədilsə də, haqqında yazmaq yasaq olsa da “168 saat” qəzetində sərt bir yazı yazmış, müqəssirləri ittiham etmişdik. Biz onda qələmlə döyüşə atılmışdıq, qorxusuz, hürküsüz mücadilədəydik. Bir də,biz məhz onda anlamışdıq ki, fiziki olaraq hərəmiz Azərbaycanın bir bölgəsindən olsaq da, mənəvi olaraq hamımız Şuşalıyıq.
Sonradan hər dəfə Şuşa adı gələndə bağrım çatlayır, ürəyim qübar bağlayırdı, mücadiləmi jurnalistikadan yazıçılığıma adlatmışdım. 2016-cı ildə Moskva ədəbi mükafatını qazanmış, bir neçə ölkədə yayılmış, hətta Nyu-Yorkda- Brodveydə təqdimatı keçirilmiş “Yanvarın 13 günü” romanımda Şuşanın işğalından bəhs etmişdim, Bakıda nəşr olunan “Üçbucaq” romanım isə büsbütün Şuşa həsrətinə həsr olunmuşdu.
“Yanvarın 13 günü” romanımı Rusiyada təkrar nəşr etmək məsələsi ortaya çıxanda naşirlər Şuşa hissəsini və Türk bayrağına aid hissəni ixtisar etmək istəyirdilər deyə nəşrdən və vəd edilən qonorardan imtina da etmişdim.
Dünyada heç bir maddiyat vətənin mənafeyindən üstün ola bilməz!
Şuşa Qarabağın ürəyi, başımızın tacıdır. Bu gün mən xəbəri eşidəndə yenidən, 28 il öncəki kimi göz yaşlarıma hakim ola bilmədim. Birvaxtkı ağrının göz yaşının sonradan sevincin göz yaşına təslim olması necə gözəlmiş! Tezliklə rəsmi təsdiqini gözləyərək hamımız səbirsizliyimizlə qol-boyunuq.
Canımız sənə fəda, Şuşa!
Canımız sənə fəda, Vətən!