“Şərtləri qəbul olunmadı” – Fransa və Rusiyadan İrəvana pis sürpriz
“Cənubi Qafqazın gələcəyi ilə bağlı Rusiya və Ankara arasında artıq razılaşma əldə olunub”.
Bunu jurnalist Elçin Alıoğlu bildirib.
Jurnalist Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı geosiyasi duruma diqqət çəkib:
“Britaniya, Fransa və Rusiyanın Qarabağ savaşı ilə bağlı mövqeləri tam müəyyənləşdi. Onların üçü də Qarabağın Azərbaycanın tərkibində olması, Ermənistan qüvvələrinin tam çıxarılmasını dəstəkləyir. Bu ölkələrin heç biri Dağlıq Qarabağın iddialarını və Ermənistanın şərtlərini qəbul etmir. Amma təbii ki, öz şərtləri ilə geosiyasi maraqlarını tam təmin etmək və vəziyyətdən maksimum yararlanmaq şərti ilə.
Britaniya Azərbaycanı qeyri-rəsmi tam dəstəkləyir, rəsmi susur. London gözləmə mövqeyi tutmayıb, regional oyunçuların bir-birini zəiflədəcəyini gözləyir. “İngilis şiri” tarixən olduğu kimi, yalnız əlverişli saydığı məqamın çatdığına əmin olanda meydana girəcək.
Fransaya gəldikdə, son dövrlərdəki sarsaq ritorikasından əl çəkib və anlayıb ki, belə davam edərsə, Azərbaycanı tam itirə bilər. Rəsmi Parisin qəti qənaətinə görə, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra da nizamlanmaması ABŞ-ın maraqlarına cavab verir. Bu səbəbdən Paris və Moskvanın paradoksal həmrəyliyi müşahidə olunur.
Rusiya isə heç bir halda Ermənistana hər hansı formada aşkar olaraq hərbi və ya siyasi yardım etməyəcək. Yardımlar olacaq, amma gizli, üstüörtülü şəkildə. Moskvanın mövqeyi qətiləşib: Ermənistan Dağlıq Qarabağı tərk etməlidir”.
Elçin Alıoğlu qeyd edib ki, Cənubi Qafqazın gələcəyi ilə bağlı Rusiya və Ankara arasında artıq razılaşma əldə olunub:
“Ermənistan Baş naziri Nikol Paşinyan məhz bu səbəbdən “bizə qarşı yeni Münhen anlaşması hazırlanır, Ermənistan buna razı olmayacaq” deyir.
Rusiyanın istəyi Azərbaycanın Kəlbəcər və Laçın rayonlarına tam yox, qismən nəzarət etməsi, Gorus-Laçın dəhlizinin qarabağlı ermənilər üçün “humanitar dəhliz” qismində saxlanmasıdır.
“Trio”nun məram və məqsədlərinin səthi, ekspozitiv təhlili belədir.
Siyasət mümkünlərin sənətidir”./teleqraf.com/