Ermənistanda daxili qarşıdurma yarandı – Rus mediası
Sentyabrın 27-dən Qarabağda başlayan yeni eskalasiya Ermənistanda siyasi elitanın və cəmiyyətin parçalanmasına səbəb olub. Yenisabah.az-ın məlumatına görə, Rusiya KİV-ləri Ermənistanın Baş naziri Nikol Paşinyanın xalqa müarciətini təhlil edərək bu qənaətə gəliblər.
Rus mediası həmçinin Ermənistandan gələn xəbərlərə istinadən yazır ki, artıq İrəvanda anti-Paşinyan koalisiyası qurulur. Koalisiyaya müxalifət liderləri, həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və inqilab nəticəsində devrilən xələfi Serj Sarkisyanın tərəfdarları daxildir. Anti-Paşinyan birliyi Moskvayönümlü hesab edilir.
Təhlilçilərin fikrincə, Ermənistan Baş nazirinin hərbi müstəvidəki uğursuzluqlara baxmayaraq Qarabağ məsələsində mövqeyini dəyişməməsi, Dağlıq Qarabağın status məsələsinin İrəvan üçün “qırmız xətt” olduğunu bəyan etməsi daxili audotiryaya hesablanıb. Paşinyan artıq fərqindədir ki, hakimiyyətinə ciddi təhlükə var. Bu baxımdan, hakimiyyətini qorumaq üçün “Qarabağ kartı”ndan sona qədər yararlanmaq istəyir.
Paşinyan hakimiyyətə gəldiyi gündən Qarabağla bağlı avantürist davranışları və açıqlamaları ilə sələflərindən fərqlənib. Dağlıq Qarabağa intensiv səfərlər, “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı, Şuşada “inaqurasiya məclisi” və münaqişənin yenidən alovlanmasına səbəb olan bu kimi addımlar Qarabağ klanının rəğbətini qazanmaqdan ötrü idi. Çünki inqilab nəticəsində hakimiyyətə gələn Baş nazir bu klanın iqtidarına əsas təhlükə olduğunu yaxşı başa düşürdü. Axı onun hakimiyyətə gəlişi həm də bu klanı təmsil edən Serj Sarkisyanın devrilməsi hesabına baş tutmuşdu.
Digər tərəfdən, Paşinyan Qarabağ klanının əsas simalarından olan keçmiş prezident Robert Köçəryanı həbs etmişdi.
Amma Paşinyanın gözləntiləri özünü doğrultmadı. Baş nazir nəinki Qarabağ klanını öz tərəfinə çəkə bildi, əksinə, avatürist açıqlamaları ilə Qarabağda münaqişənin alovlanmasına və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı keçirərək cəbhə xəttini yarmasına, bir sıra yaşayış məntəqələrini azad etməsinə səbəb oldu.
Paşinyan xalqa müraciətində də Qarabağdakı məğlubiyyəti etiraf etməli oldu. Azərbaycan Ordusunun isrəlilədiyini bəyan etdi. Baş nazir bununla Qarabağdakı uğrusuzluğun məsuliyyətini erməni xalqı ilə bölüşməyə çalışırdı. Görünür, erməni xalqı baş verənləri Paşinyanın uğursuz siyasətçi olması ilə izah edir. Bu baxımdan, Ermənistanda Paşinyan əleyhdarlarının sayı durmadan artır. Siyasi analitiklərin fikrincə, anti-Paşinyan koalisiyası bu prosesi getdikcə dərinləşdirəcək.