Krım tatarlarının rəhbəri Ərdoğanı Krıma dəvət etdi
Krım tatarlarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Eyvaz Umerov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Krıma gəlməsini və yalnız bundan sonra yarımadanın statusu ilə bağlı nəticə çıxarmasını tövsiyə edib.
Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
16 oktyabr cümə günü Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı ölkəsinin Krımı Rusiya ərazilərinin bir hissəsi kimi tanımadığını söyləyib.
Umerov Türkiyə rəhbərliyini həqiqətləri içəridən öyrənmək və qəbul etmək üçün Krıma rəsmi olaraq ziyarət etməsini tövsiyə edib.
“Bütün bu səfərlərin nəticəsi birmənalı olmalıdır, Krımın Rusiya statusu tanınmalıdır” deyən muxtariyyət rəhbəri Ankaraya Ukrayna və Qərb ölkələrinə qulaq asmamağı məsləhət görüb.
Xatırladaq ki, 2014-cü ilin mart ayında Krımda referendum keçirilib, nəticədə yarımada Rusiyanın ərazisi olub və Sevastopol federal əhəmiyyətli bir şəhərə çevrilib./konkret.az/