Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan öz xalqına müraciətində Ermənistanın faktiki olaraq danışıqlar prosesindən çıxdığını bildirdi.
Erməni lider növbəti dəfə Rusiyanı pis vəziyyətdə qoydu. Paşinyanın çıxışından bir saat əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrov rus jurnalistlər Margarita Simonyan, Roman Babayan və Vladimir Sunqorkinə Moskvada əldə edilən razılıqlar və Qarabağ münaqişəsinin nizama salınması üzrə plan barədə açıqlama verirdi.
Baza prinsiplərindən danışan Sergey Lavrov 5+2+ formulasından danışıb. Yəni, ilk mərhələdə Ermənistan qeyd-şərtsiz işğal altındakı beş rayondan qoşunlarını çıxarır, daha sonra daha iki rayondan qoşunların çıxarılması nəzərdə tutulur və nəhayət yuxarıda qeyd olunduğu kimi Qarabağın statusu müzakirə olunur.
Bu düstur Nikol Paşinyanı qane etmir, o, öz nitqində söylədiyi kimi “sonu qalibiyyətlə nəticələnəcək” müharibəni seçdi: “Ermənistan “DQR”-in statusunu müəyyənləşdirmədən Qarabağ məsələsini və ərazi güzəştlərini həll etməkdən imtina edir. Bizim bir çıxış yolumuz var, birləşərək qalib gəlib Qarabağ problemini birdəfəlik həll etmək”.
Rusiyalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının mütəxəssisi, Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko müsahibəsində mövcud vəziyyəti şərh edib.
Bir neçə gün əvvəl Moskvada razılıqlar imzalandı. Razılaşmanın üçüncü bəndində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bugünkü müsahibəsində söylədiyi baza prinsipləri əsasında danışıqlar yer tutur. İndi isə Nikol Paşinyan Moskva sənədini rədd edir və sona qədər müharibədən danışır…
– Mən burada bir neçə məqamı görürəm. Birincisi: Ermənistan müqavilələri pozur, bu da hazırkı durumda İrəvan üçün heç bir xeyirlə bitməyəcək. Amma görünür, Nikol Paşinyan başa düşürdü ki, o belə bir açıqlama ilə çıxış etməsə onu hərbi məğlubiyyətə görə devirəcəklər. O, Zviad Qamsaxurdiyanın (Gürcüstanın keçmiş prezidenti, 31 dekabr 1993-cü ildə intihar edib, başqa bir versiyaya əsasən öldürülüb) yaşadığı taleni bölüşmək riskini daşıyır. Söhbət ondan gedir ki, Ermənistan cəmiyyətində millətçilik alovlandırılıb və bu cəmiyyət müharibədə məğlub olan və bu qədər açıqlama (müharibə açıqlamaları) verən bir liderə dözməyəcək.
Mənə elə gəlir ki, Bakıda da bütün əvvəlki açıqlamalarını nəzərə alıb Paşinyanla yox, başqası ilə iş görməyi üstün tutarlar.
Sıfırdan yeni bir insanla münasibət qurmaq, bu müharibəni başlamaqda günahkar olan hazırkı Ermənistanın baş naziri ilə əlaqə yaratmaqdan daha asandır. İndi Nikol Paşinyan sadəcə yeni bir səfərbərlik forması tapmağa çalışır və bunun üçün bütün addımlara getməyə, hətta Rusiyanı pis vəziyyətdə qoymağa belə hazırdır.
İkinci məqam: Nikol Paşinyan üçün əsas məsələ yeni təmas xəttinin haradan keçəcəyini görməkdir. Görünür, İrəvanda artıq hesab edirlər ki, Qarabağla bitişik rayonlar itirilib və bununla barışmaq lazımdır. İndi erməni tərəfi Azərbaycandan güzəştlər almaq və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlara başlamaq istəyir. Bu, Paşinyanın əsas prioriteti ola bilər. Ancaq son nəticə Azərbaycan Ordusunun uğurları əsasında müəyyənləşdiriləcək.
Bəs Moskva Nikol Paşinyanın danışıqları faktiki olaraq pozmasına necə reaksiya göstərəcək?
– Bakının Ermənistanın raket sistemlərinə hücumuna Moskvanın balanslı reaksiyasına baxın (bəzi sərt siyasi şərhləri nəzərə almasaq). Bu, çox şeyi deyir.
Rusiyada, ümumiyyətlə, Paşinyanın hərəkətlərindən son dərəcə məyusluq var, çünki bu adam Moskva ilə İrəvan arasındakı münasibətləri korlamaq üçün hər şeyi etdi. Rusiyanın Ermənistanı müdafiə etmək üçün KTMT-dən istifadə etməsinin lazım olduğu barədə açıqlamalar verənlərə xatırlatmaq istəyirəm ki, bu təşkilatın işini bir il yarım bloklayan Paşinyan idi. Ermənistan baş naziri KTMT-yə ehtiyaclarının olmadığını, dostlarının Vaşinqtonda, Berlində və Parisdə olduğunu söyləyirdi./media.az/