“Azərbaycan Qarabağda genişmiqyaslı hərbi əməliyyatları davam etdirir” – Mnatsakanyan yenə şər atdı
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun Rusiya və Fransadan olan həmsədrləri İqor Popov və Andrew Shofer, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşdə (fransalı həmsədr Stefanov Viskonti videokonfrans vasitəsi ilə qatılıb) Qarabağ münaqişəsi bölgəsindəki əməliyyat vəziyyətini müzakirə edib.
Bu haqda məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Mnatsakanyan deyib ki, 10 oktyabr tarixli Moskva razılaşmasına baxmayaraq, Azərbaycan hələ də öhdəliklərini yerinə yetirmir, genişmiqyaslı hərbi əməliyyatlarını davam etdirir.
Ermənistan xarici işlər naziri atəşkəs rejiminin yoxlama mexanizmlərinin tətbiq edilməsinə ehtiyac olduğunu bildirib.
Haşiyə: Humanitar atəşkəs rejimindən sonra Azərbaycanın hücuma keçdiyi barədə “bəyanatlar” erməni rəsmiləri tərəfindən ilk dəfə səslənmir. Onlar yəqin Gəncə şəhərində etdikləri vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün belə üsula əl atırlar. Ancaq artıq onların bu “üsulları” işə yaramır, çünki Azərbaycanda fəaliyyət göstərən xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, ölkəmizə gələn xarici jurnalistlər Gəncə şəhərinə gedərək hər şeyi öz gözləri ilə görüblər.