Solovyovun Bakıya təhdidi və Şoyqunun Akara zəngi
Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Azərbaycanın apardığı ədalətli mübarizədə Türkiyə hər zaman ölkəmizi dəstəkləyib.
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və rusiyalı həmkarı Sergey Şoyqu arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək Suriya və Liviyadakı durumla yanaşı Dağlıq Qarabağdakı döyüşləri də müzakirə edib:
“Bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğluna zəng etmişdi. Bir gün Rusiya prezidenti Vladimir Putin eyni mövzunu müzakirə etmək məqsədilə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğana zəng edəcək.
Bütün bunlar ondan xəbər verir ki, Kremldə anlayırlar ki, Türkiyənin rəyini nəzərə almadan keçinmək artıq mümkün deyil. Türkiyə isə beynəlxalq hüquqa uyğun davranır: Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və bu dövlət işğal etdiyi torpaqlardan çıxmalıdır! Rusiyanın “Rossiya” televiziya kanalının ermənipərəst aparıcısı Solovyov dünənki verilişində Azərbaycanı Rusiyanın müdafiə naziri ilə hədələyərək bunu demişdi: “Bakı Lavrovla razılığa gəlməsə, Şoyqu ilə razılığa gəlmək məcburiyyətində qalacaq”.
Şoyqunun istəyini yerinə yetirmək tarixdə qaldı, bölgədə artıq Türkiyə var və həmin Şoyqu artıq Hulusi Akara zəng etmək məcburiyyətindədir”./axar.az/