Əminəm ki, Qarabağımız, Şuşamız işğaldan azad olunacaq – Nərimanbəyova
Fransada yaşayan tanınmış rəssamımız, əfsanəvi Toğrul Nərimanbəyovun davamçısı Əsmər Nərimanbəyova da son günlər fəxarət qarışıq narahatlığını gizlətmir.
Tanınmış rəssam qısa müddətdə mənəvi rahatlığını tam itirdiyini vurğulayıb.
“Ailəmlə birgə çox nigaranıq. Şəhidlərimizin xəbərlərinə üzülürük, qələbələrimizə sevinirik. Lakin istənilən halda müharibə çox ağır prosesdir. İnanırıq ki, bu narahatlığımız, həyəcanımız keçəcək, ordumuz torpaqlarımızı azad edəcək. Əsgərlərimizin videolarını qürur göz yaşları ilə izləyirəm. Onların yüksək əhval-ruhiyyəsi bizə də güc verir.
Biz Nərimanbəyovlar əslən Şuşalıyıq. Babam Fərman Nərimanbəyovun doğma yurdudur Şuşamız. Əminəm ki, Qarabağımız, Şuşamız işğaldan azad olunacaq, biz də sevinclə ora gedəcəyik. Şuşa hər şeydən öncə mədəniyyət tariximizə çox böyük töhfələr vermiş böyük sənətkarlarımızın ana yurdudur. Biz mütləq torpaqlarımıza qovuşmalıyıq. Düşmən də bu faktı anlayıb, qəbul etməyə məcburdur”, – Ə.Nərimanbəyova qeyd edib./publika.az/