Ermənistan ordusu 6 mindən çox hərbiçisini itirib – Düşmən çökür
Bu gün Azərbaycan Ordusunun keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var.
Düşmən tərəfi də itkiləri etiraf etməyə məcbur olub və öldürülən hərbçilərinin bir qisminin adını açıqlayıb. “Sputnik Armeniya” saytının Ermənistan Müdafiə Nazirliyinə istinadən yaydığı xəbərə görə, təkcə oktyabrın 7-də azı 80 nəfər öldürülüb. Nazirlik gün ərzində iki dəfə, hərəsində 40 hərbçinin olduğu adlı siyahı açıqlayıb. Onların içində yüksək rütbəli zabitlər, gizirlər, əsgərlər və başqa rütbəlilər var.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi bir həftə ərzində 320 hərbçinin öldürüldüyünü, yüzlərlə yaralı olduğunu etiraf edib. Amma elə erməni mənbələri bu itkilərin real tələfat sayından qat-qat az olduğunu bildirirlər. Məsələn, “Facebook”-un erməni seqmentində yerli bloqerlər israrla sentyabrın 27-dən bu günə qədər 6228 nəfərin öldürüldüyünü, minlərlə hərbçinin yaralanaraq sıradan çıxdığını bildirirlər.
Ermənistan siyasi və hərbi rəhbərliyinin son günlər verdikləri bəyanatlardan da itkilərin saysız-hesabsız olduğu məlum olur. Düşmən cəbhədə vəziyyətin ağırlaşdığını, canlı qüvvənin çatışmadığı bildirərək əhalidən dəstək istəyir.
Onu da qeyd edək ki, düşmən ordusu canlı qüvvə ilə bərabər xeyli sayda hərbi texnika itirib. Azərbaycan Müdafiə Nazirliyi sıradan çıxarılmış tankların, topların, artilleriya qurğularının, hərbi maşınların bir qisminin görüntülərini paylaşıb.
Döyüş bölgəsindəki situasiyanı təhlil edən ukraynalı hərbi ekspert Aleksey Arestoviç yazıb ki, bir həftəlik əməliyyatlar zamanı Ermənistan ordusu malik olduğu hərbi texnikanın azı 30 faizini itirib. “Bu, olduqca ağır, qısa müddətdə bərpası qeyri-mümkün olan itkilərdir. Əgər belə davam etsə, erməni ordusunun müdafiəsi 10-14 günə çökəcək”, – deyə ekspert yazıb./konkret.az/