Qarabağ savaşı nə qədər davam edəcək? – Ruxadze
Bu müharibə uzun müddət davam edə bilməz. Zənnimcə, müharibə bir neçə həftəyə yekunlaşacaq.
Bu açıqlama ilə gürcü analitik Georgi Ruxadze çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan münaqişə zonasını mümkün qədər daraldır, Ermənistan isə onu genişləndirməyə çalışır:
“Aktiv hərbi əməliyyatlar indi tək Dağlıq Qarabağda deyil, ona bitişik yeddi rayonda da reallaşır. Müşahidələrimdən görürəm ki, Azərbaycan hazırda sürətlə irəliləməyə çalışır. Çünki nə qədər çox ərazi geri qaytarsa, danışıqlarda bir o qədər üstün mövqeyə sahib olacaq. Bununla yanaşı, daxili siyasət də böyük əhəmiyyət kəsb edir. Azərbaycan hakimiyyəti artıq çox böyük nüfuz qazanıb. Bu durumda rəsmi Bakının İrəvanı və ya Ermənistanın digər şəhərlərini bombalayacağını düşünmürəm”.
Georgi Ruxadze Tükiyə və Rusiyanın mövqeləri barədə də danışıb:
“Türkiyə mövqeyini gizlətmir və birbaşa diplomatik sahədə olduğu kimi, döyüş meydanında da qardaş Azərbaycanı dəstəkləyəcəyini bəyan edir. Rusiyanın açıqlamaları tam əksinədir, rəsmi Moskva bitərəf qalır. Diqqət yetirin ki, Rusiya və Ermənistan hərbi müttəfiqdirlər, lakin bu ittifaq yalnız hərbi əməliyyatlar Ermənistan ərazisinə keçdikdə qüvvəyə minəcək. Amma Türkiyə birbaşa müdaxilə edə bilməyəcək. Baş verə biləcək ən təhlükəli şey Rusiyanın hansısa formada “sülhməramlılarını” Qarabağa yerləşdirməsi ola bilər. Ancaq çətin ki, Azərbaycan buna razı olsun. Rəsmi Bakı buna razılıq verməyəcək”./axar.az/