Müzəffər Azərbaycan Ordusu tezliklə üçrəngli bayrağımızı Şuşada, Xankəndində qaldıracaq

 

Bu gün Azərbaycan xalqı olaraq tarixi anları yaşayırıq. Bu gün, bu an hər bir ölkə vətəndaşınin diqqəti mavi ekranların başında,televiziyalardadır. Hər an şad xəbər gözləyirik.
Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Düşmənin son zamanlar Tovuz rayonunda törətdiyi təxribatlarının qarşısı layiqli alındı. Bir daha Ordumuz hansı imkanlara malik olduğunu işğalçı dövlətə göstərdi. Əminəm ki, düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı uzun müddət unutmayacaq.

Doğrudur itkilərimiz var, amma “Torpaq uğurunda ölən varsa, VƏTƏNDİR”.
İşğal olunmuş ərazilərimizin azadlığı uğrunda həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.Onlar şəhidlik zirvəsinə ucalaraq qəhrəmanlıqları ilə bütün gənclərimiz üçün nümunədirlər.
Torpaq, əgər uğurunda ölən varsa Vətəndir!, deyərək orduya yollanan hərbiçilərimiz, qəlbimiz sizinlədir.
Şəhid verməyi bacaran xalq yenilməzdir. Bu gün hər zaman olduğu kimi, bir daha Azərbaycan xalqı müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid verməyi bacardığını sübut etdi.Bu, bir daha hamıya onu göstərir ki, Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil, millətimiz mərd və yenilməzdir.
Ölkəmizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev “Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!” söyləyərkən sevincimin həddi-hüdudu yox idi.

Şükürlər olsun ki,şad xəbərlərin ardı kəsilmədi.Daha sonra gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunması xəbəri gəldi.Qeyd etmək istərdim ki, əsgərlərimiz təkcə Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edib, 3 tankı isə qənimət götürüb, 4 ədəd avtomobil texnikası məhv edib,erməni birləşmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub, alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Bir həftədən artıq davam edən döyüşlər çərçivəsində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində vacib strateji ərazilər,o cümlədən Cəbrayıl şəhəri də daxil olmaqla 23 kəndimiz erməni işğalından azad olunub.Hazırda isə bir sıra strateji ərazilər və digər şəhər və kəndlərimiz uğrunda əməliyyatlar uğurla davam etdirilir.

Dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçilərinin, mülki şəxslərin həlak olduğunu önə çəkərək, onların qanının yerdə qalmayacağını bəyan etmişdir. Və son təxribatın layiqli cavabı da onu göstərdi ki, bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil.Dünyaya bəllidir ki, Ermənistan iqtisadi böhran içərisində çabalayan işğalçı dövlətdir və onun hər hansı bir güclü ordudan danışması qeyri-mümkündür, gülüncdür.
Ən əsası Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında dayanmaq imkanında deyil.Düşmən tərəfindən Tərtər, Ağdam, Füzuli,Beyləqan,Ağcabədi,Goranboy rayonlarının kəndlərini,o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin dinc sakinlərini intensiv artileriya atəşinə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəymiş, həmçinin, xırda və iri buynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələri, eləcə də nəqliyyat vasitələri məhv edilmişdir.
Artıq heç kim üçün sirr deyil ki, bu və ya digər güc mərkəzləri işğalçı dövləti silahlandırmaqla ona ölkəmizə qarşı yeni müharibəyə başlamaq üçün dəstək göstərsələr də,Azərbaycanın güclü,qüdrətli ordusunun hər an belə çirkin təxribatların qarşısını böyük qətiyyətlə aldığının şahididirlər.
Bu gün hər bir Azərbaycan Respublikasının vətəndaşı “İrəli, Azərbaycan əsgəri! Eşq olsun Azərbaycan əsgərinə!” deyir.
Xalqımız daim dövlətimizlə, suverenliyimizin qarantı olan ordumuzla birlikdədir.
Bu gün hər bir Azərbaycan vətəndaşı bir amal uğrunda mübarizə aparır: Torpaqlarımızı işğaldan azad etmək!

Bu amal uğrunda bu gün biz yumruq kimi birləşməliyik. Bu birləşmə gücü eyni zamanda, iradənin, qətiyyətin, xalqa, millətə, torpağa sevginin təzahürüdür.
Son hadisələr onu göstərir ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək.
Tezliklə münaqişə öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq.
Qəbələ bizimlədir!
Eşq olsun Ali Baş Komandana!
Eşq olsun Azərbaycan ordusuna!

 

Rəfail Mehraliyev

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password