Ermənistanın əməlləri tribunala çıxarılmalıdır – Krupa
Azərbaycan Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinə və işğalçı ordusuna qarşı yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində antiterror əməliyyatı aparır.
Bu sözləri açıqlamasında Xarkov Milli Universitetinin tarixçisi, UMAY Beynəlxalq Tədqiqat Laboratoriyasının rəhbəri Tatyana Krupa deyib.
Onun sözlərinə görə, artıq doqquzuncu gündür ki, dünya birliyinin diqqəti Qarabağ istiqamətində hərbi əməliyyatların növbəti dəfə fəallaşmasına yönəlib:
“Bu gün gündəmdə olan əsas məsələlərlə yanaşı, uzun illərdir müvəqqəti işğal olunmuş ərazidə olan Azərbaycan Respublikasının tarixi və mədəni irsinin qorunub saxlanılması məsələsinə də diqqət yetirmək vacibdir. Cənubi Qafqaz regionu, məlum olduğu kimi, olduqca zəngin tarixi-mədəni irsə malikdir. Məhz bu səbəbdən bu gün xatırlamaq vacibdir ki, UNESKO-nun normativlərinə əsasən, hərbi əməliyyatlar abidələrin qorunması üçün real təhlükədir və müharibə aparan tərəflər onlara hörmət göstərməlidirlər. Lakin məhz Qarabağda bu irs məqsədyönlü şəkildə məhv edilir, bu isə öz növbəsində qəbuledilməzdir. Buna görə də müharibənin nəticələrinin digər aspektləri ilə yanaşı, Ermənistan tərəfinin Azərbaycanın işğal altındakı ərazilərinin tarixi-mədəni irsinə ziyan vurduğu məsələsi də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır”.
Tatyana Krupa, həmçinin qeyd edib ki, sosial şəbəkələrdə işğal edilmiş ərazilərdəki vəziyyətlə bağlı olan şəkillər və video materiallar araşdırılmalı, toplanmalı və Beynəlxalq Tribunala təqdim edilməlidir./axar.az/