BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin rəhbərliyi şəhid ailələrini ziyarət edib

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin rəhbərliyi və bir qrup tələbəsi həyata keçirdikləri “Qürurlu ol, əsgər anası!” layihəsi çərçivəsində Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə təhsil alan tələbə Pərvin Şirvaninin qardaşı Həsənağa Şirvaninin şəhid olması xəbərini almış, şəhidin ailəsinə baş çəkmişdir. Şəhidin anasına başsağlığı verilmiş, səbirli olması tövsiyə edilmiş, şəhidə Allahdan rəhmət diləmişlər.

Bu barədə Aktualinfo.org-a Bakı Slavyan Universitetindən məlumat verilib.

Bildirilib ki, 14 iyul 2020-ci ildə Tovuz döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev də bu qrupda təhsil alır. Şəhid anası ilə görüşdə fakültənin rəhbərliyi torpaqlarımızın tezliklə düşmən işğalından azad olunacağını, şəhidlərimizin qanının yerdə qalmayacağını vurğulamışdır.

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin professor-müəllim heyəti və tələbə-gəncləri torpaqlarımızın erməni işğalından azad olunması uğrunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasətini dəstəkləyir, xalqımızın igid övladlarının qəhrəmanlığından, döyüşçülərin əzmkarlığından qürur duyur. Qeyd edək ki, bu mühüm və məsuliyyətli dövrdə fakültə bir sıra aktual məzmunlu layihələrin təşəbbüskarı kimi çıxış edib. Bu günlərdə fakültə tərəfindən daha bir layihəyə start verilib. “Qürurlu ol, əsgər anası!” layihəsi çərçivəsində fakültənin rəhbərliyi hazırda könüllü kimi cəbhə bölgəsində hərbi xidmətdə olan məzun əsgərlərin analarına baş çəkir, hal-əhval tutur, xeyir-dualarını bildirir, qələbənin bizimlə olacağına inamlarını ifadə edirlər.

Bu ilin məzunu olan Davud Qasımovun anası və nənəsi ilə görüşüb,xoş arzularını, qələbə ruhunu bölüşərkən,ailə başçısının da könüllü olaraq ön cəbhəyə getdiyi məlum oldu. Əsgər anası, döyüşçü xanımı olaraq ananın pozitiv əhvalı, qələbəyə inamı, haqq-ədalət uğrunda gedən savaşda qalib çıxacağımıza əminliyi bizdə sevinc hissi oyatdı.

Fakültənin digər məzunu Fəqan Rəsulzadənin anası da əsl vətəndaş mövqeyindən çıxış edərək xalqa, dövlətə, Prezidentə daim dəstək olduğunu dilə gətirdi.

Xalqımız qələbəyə inanır,döyüşçülərimizin əzimkarlığından ruhlanır,tezliklə torpaqlarımızın işgaldan azad olunacağı xəbərini,əzəli yurdumuza qayıda biləcəyi günü əminliklə gözləyir.

“Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!” devizi Azərbaycan xalqının qəlbinin, ruhunun nidasına çevrilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password