Güneydən növbəti dəstək gəldi: “Sonadək yanınızdayıq”
Güney azərbaycanlıların Dağlıq Qarabağın azad edilməsi uğrunda gedən əməliyyatlara verdiyi dəstək davam edir.
58 tanınmış güney azərbaycanlı şair və yazıçı bəyanat yayaraq, Azərbaycan xalqının işğal olunmuş torpaqlarının bütünlüklə azad edilməsini qeyd-şərtsiz dəstəklədiklərini bildiriblər.
Bəyanatda bildirilir ki, sülhün bərpasının yeganə yolu Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsidir.
İranın bir qrup azərbaycanlı musiqiçisi də bənzər bəyanat yayaraq, Qarabağın azadlığına dəstək verdiklərini bildiriblər.
60 tanınmış musiqi xadiminin imzasını daşıyan bəyanatda Qarabağın Azərbaycan musiqisinin inkişafında əvəzolunmaz payı olan simaların yetişdirdiyinə diqqət çəkilib, Azərbaycan xalqının bir çox mədəniyyət və incəsənət əsərlərinin kökünün məhz o torpaqda olduğu vurğulanıb.
Güney Azərbaycanın musiqi xadimləri həmçinin Ermənistandan Qarabağın işğalına son verməyi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb ediblər.
Bundan əvvəl Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Vəkillər Kollegiyası, eləcə də İranın bir qrup azərbaycanlı kinematoqrafçısı oxşar bəyanat yayaraq, Azərbaycan Respublikasının işğalçılara qarşı haqlı mövqeyini dəstəkləyib.
Xatırladaq ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmiya və Ərdəbildə, eləcə də Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib./teleqraf.com/