Sabiq səfirlə bağlı Prezidentə müraciət edildi
Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, hazırda həbsdə olan Eldar Həsənovla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.
Vəkillər Adil İsmayılov, Cəlal Mirzəyev və Valeh Mehralıyev müraciətlərində hər şeydən öncə Qarabağ uğrunda savaşda ilkin qələbə münasibəti ilə Ali Baş Komandan, Prezident İlham Əliyevi təbrik ediblər.
Daha sonra Eldar Həsənov haqda yazan müraciət müəllifləri onun dövlət və xalq qarşısında hər zaman nümunəvi xidmət etdiyi, ölkə rəhbərinin etimadını doğrultduğunu qeyd ediblər.
Bildirilib ki, hüquq elmləri doktoru, professor Eldar Həsənov bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda təcrübəli hüquqşünas kimi Azərbaycan dövlətinin mövqeyini layiqincə təmsil edib.
Onun baş prokuror və səfir kimi fəaliyyətindən bəhs edən vəkillər Eldar Həsənovun işinin həm Prezident, həm də çalışdığı ölkələrin rəhbərləri tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıblar.
Vəkillər müraciətdə xüsusilə Eldar Həsənovun səhhətinə diqqət çəkiblər:
“Həbs olunmazdan əvvəlki iki il ərzində onun səhhətində çox ciddi problemlər yaşandığından, daim həkim nəzarətində olub. Bunu təsdiqləyən faktlar DTX-nın İstintaq təcridxanasına da təqdim edilib. İstintaq təcridxanasında olduğu müddətdə müalicəsini normal davam etdirə bilmədiyi və psixoloji sarsıntı keçirdiyi üçün səhhətində ciddi problem yaranıb. Hazırda onurğa sütunundakı yırtıqlar və disk sürüşməsi səbəbindən sağ ayağını hiss etmir və axsayaraq yeriyir. Bu səbəbdən də Eldar Həsənov müvazinətini saxlaya bilmir və tez-tez yıxılır”.
Qeyd edilib ki, hazırda ağrılar sol ayağına da keçib və belə davam edəcəyi təqdirdə E.Həsənov yerimə qabiliyyətini itirərək, iflic olma təhlükəsi ilə üzləşə bilər.
Vəkillər 65 yaşlı E.Həsənovun hazırkı koronavirus pandemiyası dövründə risk qrupuna aid edildiyini, şəkərli diabet olduğunu, bir neçə dəfə əməliyyat keçirdiyini, ürək də daxil olmaqla, bir sıra xəstəliklərdən əziyyət çəkdiyini vurğulamaqla, hazırkı vəziyyətə Prezidentin müdaxiləsinin vacib olduğu qərarına gəldiklərini bildiriblər.
Müraciət müəllifləri bütün bunları nəzərə alaraq, heç olmasa istintaq müddətində Eldar Həsənovun azadlığa buraxılması və tam, hərtərəfli və obyektiv istintaq aparılması üçün göstəriş verməyi Prezidentdən xahiş ediblər.