Maksim Şevçenko: “Nə üçün Azərbaycan bununla barışmalıdır?”

 

Jurnalist Maksim Şevçenko Rusiyanın “Exo Moskvı” radiostansiyasının efirində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə qatılıb.

Ekspert münaqişəsinin 30 il əvvəl başlandığını, erməni qoşunlarının Dağlıq Qarabağı, eləcə də ətrafdakı 7 rayonu işğal etdiklərini və hazırda müharibənin işğal olunmuş, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana məxsus olması təsdiqlənmiş ərazilərdə getdiyini bildirib. “Nə üçün Azərbaycan xalqı bir milyon insanın ev- eşiyindən qovulması və ərazilərinin işğal edilməsi ilə barışmalıdır”, – deyə o, sual verir. M.Şevçenko vurğulayıb ki, 30 il nəticəsiz danışıqlar gedib və azərbaycanlılar öz hakimiyyətindən bu rayonları geri qaytarmağı tələb ediblər. Jurnalist deyib: “Əlbəttə, müharibə münaqişənin ən arzuolunmaz həlli variantıdır, lakin bəzən elə şərait yaranır ki, zaman başqa həll yolu qoymur… Prezident İlham Əliyevin və Xarici İşlər naziri Ceyhun Bayramovun bəyanatlarında açıq-aşkar səslənib ki, ermənilər işğal altında saxladıqları əraziləri tərk etsinlər və Dağlıq Qarabağla bağlı danışıqlar başlansın”.

Jurnalist vəziyyətin gərginləşməsində Paşinyanın son vaxtlar çıxış və müsahibələrində səsləndirdiyi fikirlərin rolunu vurğulayıb: “Müasir dünyada minillik tarixə necə istinad etmək olar? Müasir dünyada yalnız suverenlik və beynəlxalq hüquq var. Qeyri-peşəkar siyasətçi olan Paşinyanın populist fikirləri müharibəni qızışdırdı”.

O xatırladıb ki, bu gün döyüşlərdə həlak olan dinc əhali əsasən azərbaycanlılardır, çünki cəbhəyanı 7 rayonda ümumiyyətlə dinc əhali yoxdur, orada yalnız erməni hərbi birləşmələri var.

Aparıcının “Azərbaycanın hərbi hücum əməliyyatları keçirməyə mənəvi haqqı çatırmı” sualına cavabında M.Şevçenko qeyd edib ki, heç kim xalqın öz torpaqlarını azad etmək hüququna şübhə ilə yanaşa bilməz. Kimlərinsə Brüsseldə, Berlində və daha harada dəbdəbəli həyat sürərək bir milyon insanın taleyini həll etməyi illərlə uzatmasını pisləyən ekspert “bəzən xalqlar tarixi özləri yazırlar!” – deyə vurğulayıb./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password