Azərbaycan könüllüləri müharibə ilə bağlı bəyanat yaydı

Bu gün ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.Görüş zamanı Azərbaycan könüllülərinin ordumuza dəstək istiqamətində fəaliyyətləri ilə bağlı təkliflər müzakirə edilərək, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək ictimai birliyinin sədri Sevinc Orucovanın, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynovun və cəbhə bölgəsində yaşayan könüllülərin video müraciətləri dinlənilib.
Görüşdə Azərbaycan Könüllüləri adından Bəyanat qəbul edilib. Bəyanatda bildirilir:
“Azərbaycanda fəaliyyətdə olan on minlərlə könüllünü birləşdirən könüllü təşkilatları dövlətimiz, ordumuz və Ali Baş Komandanımızla həmrəylik ifadə edir, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixində başladığı hərbi təxribata cavab olaraq, əhalimizin təhlükəsizliyinin təmin olunması və işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə həyata keçirilən əks-hücumu dəstəkləyir. İnanırıq ki, cənab Prezident İlham Əliyevin polad iradəsi, əsgərlərimizin mübariz ruhu və zabit-gizir heyətinin yüksək peşəkarlığı ilə torpaqlarımız erməni qəsbkarlarından təmizlənəcək, 30 ilə yaxındır ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan artıq soydaşımız evlərinə qayıdacaq.
Biz könüllülər son illərdə ölkəmizdə təşkil edilən iri miqyaslı beynəlxalq idman və mədəniyyət tədbirlərində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında, təbiətimiz və mədəni-tarixi abidələrimizin qorunmasında, qan ehtiyatlarının tədarük olunmasında, çətin günlərdə – COVID-19 pandemiyası zamanı ahıl, ehtiyacı olan vətəndaşlarımıza qayğı göstərilməsində və ictimai maarifləndirmədə, müharibə şəraitində ordumuza və evləri dağıdılmış vətəndaşlarımıza humanitar yardım toplanılmasında hər zaman ön cərgədə, ön cəbhədə olduq və hazırda da bu şərəfli işi sidq ürəklə davam etdiririk.
Ən əsası, Ali Baş Komandanın ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamından ruhlanaraq torpaqlarımızın müdafiəsi uğrunda könüllü əsgər kimi ordumuzun sıralarına yazıldıq, bir çoxlarımız cəbhəyə düşmənə layiq olduğu cavabı verməyə yollandıq. Cənab Prezidentin bu ili könüllülük ili elan etməsi ilə bərabər, könüllü təşkilatlarının nümayəndələrinin könüllü kimi ön cəbhəyə yollanması, könüllülük təntənəsinin baris nümunəsi sayıla bilər. Bu gün cəmiyyətdə, xüsusilə də gənclər arasında hökm sürən misli görünməmiş ruh yüksəkliyi, cəbhədən gələn qələbə xəbərləri, dövlət başçımızın beynəlxalq tribunalarda çıxışları gözlədiyimiz zəfər gününün yaxın olduğunun göstəricisidir. Azərbaycan Könüllüləri olaraq:
● Könüllü fəaliyyətimizin zirvəsi kimi Cənab Ali Baş Komandanın əmri ilə hər an Vətən uğrunda hərbi xidmətə hazır olduğumuzu bəyan edirik.
● Arxa cəbhədə hərbi qulluqçularımıza dəstək olmaq üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bütün vətəndaşları müasir informasiya platformaları üzərindən fəal iştiraka səsləyirik.
● Döyüş bölgəsində olan hər bir Azərbaycan əsgərinin həyatı üçün hər kəsi sosial mediadan düzgün istifadə etməyə, rəsmi mənbəyi olmayan və hərbi sirri özündə əks etdirən məlumatlar paylaşmamağa, düşmən tərəfindən yaradılmış saxta profillərlə yayılan yalan məlumatlara qarşı ayıq-sayıq olmağa çağırırıq.
● Artıq 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçı siyasətinə son qoyulması yönündə ciddi tədbirlərin görülməsi üçün dünya gəncliyini və könüllülərini birgə fəaliyyətə dəvət edirik!
Beynəlxalq ictimaiyyət bilməlidir ki, hazırkı əks-hücumlarla Azərbaycan öz torpaqlarını işğalçı ölkədən azad etmək istəyir, hərbi əməliyyatlar məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır və ölkəmizin heç kimin torpağında gözü (və ya iddiası) yoxdur. Biz tarixi ədalətin bərqərar olacağına, Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı mübarizəsinin zəfərlə başa çatacağına əminik! Allah Ordumuzu qorusun! Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password