Paşinyan Rus hərbi bazasından Azərbaycana qarşı istifadə edə bilərmi?

 

“Rusiya ilə Ermənistan arasında olan razılaşmaya əsasən, 102-ci baza yalnız Ermənistan ərazisinin müdafiəsi üçün nəzərdə tutulub”.

Bunu açıqlamasında analitik İlkin Həsənli Ermənistanın Baş naziri Nikol Paşniyanın “İnterfaks”a müsahibəsində Rusiyanın Gümrüdəki bazasından konkret vəziyyət yarandığı halda Azərbaycana qarşı istifadə edə biləcəyi ilə bağlı fikirini şərh edərkən deyib. Onun fikrincə, Ermənistanın 102-ci bazanın potensialından rəsmi olaraq istifadə etmək imkanı var, lakin:

“Burada bir məqam var. Rusiya ilə Ermənistan arasında razılaşmaya əsasən, 102-ci baza yalnız Ermənistan ərazisinin müdafiəsi üçün nəzərdə tutulub. Digər tərəfdən bu bazanın funksiyası Azərbaycan üzərinə hücuma keçmək yox, Türkiyədən gələcək hücumları Rusiyadan dəstək gələnə qədər dəf etməkdən ibarətdir. Paşinyan “bazanın potensialından istifadə edə bilərik” dedikdə inanmıram ki, bu, şəxsi heyətdən istifadə məsələsi olsun. Ola bilər ki, Paşinyan hansısa formada texnika və ya kəşfiyyat məlumatlarının alınmasını nəzərdə tutub. Bununla belə, Rusiya bazasının istifadəsi potensialı heç bir halda gözardı edilməməlidir. 102-ci bazanın istifadə potensialı dedikdə Paşinyan ola bilər ki, Rusiya-Ermənistan vahid ordu birləşməsini də nəzərdə tutub. Bu, vahid ordu birləşməsinin tərkibində Ermənistan beşinci korpusunun və Rusiyanın 102-ci bazasının hərbçiləri yer alırlar. Belə ki, bu birləşməyə sülh müddətində Ermənistan, sülh dövründə isə birbaşa Rusiyanın Baş Qərargah rəisi nəzarət edir. “Qafqaz 2020” təlimində məhz bu birləşmənin hərbçilərinin hazırlığına xüsusi diqqət yetirilmişdi. Belə ki, təlimə təkcə Ermənistan ərazisindən birləşmənin 1500 hərbçisi cəlb edilmişdi. Ona görə də ola bilər ki, Paşinyan potensial deyərkən məhz bunu nəzərdə tutub”.

İlkin Həsənli qeyd edib ki, rəsmi olaraq bu birləşmənin də hüquqi baxımdan döyüşlərə cəlb edilmə haqqı yoxdur və digər tərəfdən o, birbaşa Rusiyanın nəzarətindədir:

“Paşinyanın Rusiya media nümayəndələrinə verdiyi açıqlamanın əslində zamanına diqqət yetirin. Paşinyanın önəmli açıqlamalarının olduğu müsahibə əslində Putinlə onun arasında ikinci telefon danışığı olduqdan sonra verilib. Yəni, həmin açıqlamalarla Paşinyanın Putinlə nə danışdığını və ya Putinin Paşinyana hansı məsələlərdə yaşıl işıq yandırdığını demək mümkündür. Məhz 102-ci baza açıqlamasına müəyyən mənada bu kontekstdə baxmaq lazımdır. Yəni, istifadə edə bilərik, amma hələ ehtiyac yoxdur. Bununla o, həm də guya Ermənistanın Qarabağdakı döyüşlərdə heç də sarsılmadığını göstərməyə çalışır”.

Analitik hesab edir ki, məsələyə təkcə 102-ci bazanın potensialı çərçivəsində baxmaq lazım deyil:

“Söhbət ümumiyyətlə, rus əsgəri və ya muzdlularının (Vaqnerçilər tipində muzdlular) iştirakı məsələsi kimi diqqətdə saxlanılmalıdır. Bunun üçün qərarı yalnız Rusiya verə bilər. Rusiyanın son qəbul edilən hərbi doktrinasına nəzər yetirdikdə onların bu addımı hansısa formada ata bilmək potensialının olduğunu deyə bilərik. İndiki şəraitdə həm Ermənistan, həm Moskvanın davranışları onların zərərçəkən və xilaskar obrazlarını yaratmaq üçün çalışdıqlarını deməyə imkan verir. Əgər Azərbaycan uğurlu əməliyyatlarını sürətli və qətiyyətli şəkildə davam etdirsə, onlar bu obrazla bağlı prosesi sürətləndirib, hansısa addımlar atmağa cəhd edəcəklər. Ona görə ki, Moskvaya və Ermənistana Qarabağ bölgədə çox lazımdır”.

Qeyd edək ki,Paşinyan “Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir”,- deyib və “konkret vəziyyətlərdə” Rusiya bazasının potensialından Azərbaycana qarşı istifadə edilə biləcəyini bildirib. İşğalçı ölkənin baş nazirinin sözlərinə görə, bu mərhələdə Qarabağ münaqişəsi zonasındakı müharibəni geniş miqyaslı adlandırmaq olmaz və Rusiya bazasından istifadə etmək zərurəti yaranmayıb. Paşinyan əlavə edib:”Ancaq hazırda qeyri-müəyyən vəziyyətdir və heç kim sabah nə olacağını dəqiq təxmin edə bilməz”./qaynarinfo/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password