İƏT də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını pislədi
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını pisləyib və iki ölkə arasında münaqişənin siyasi həllinə çağırıb.
Bu barədə “Anadolu” agentliyi xəbər verib.
“İƏT Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən dəfələrlə törədilmiş təxribatları və təcavüzü qətiyyətlə pisləyir, Azərbaycan Respublikası ilə həmrəy olduğunu bir daha bəyan edir”, – İƏT-in bəyanatında deyilir.
Təşkilatda BMT-nin Dağlıq Qarabağla bağlı müvafiq qətnamələrinin yerinə yetirilməsinin zəruriliyini vurğulanıb.
“İƏT Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmazlığına hörmət əsasında iki ölkə arasında münaqişənin siyasi həllinə nail olmaq üçün erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasına və dialoqa çağırır”, – İƏT-də bildiriblər.
İƏT-in Baş Katibliyi Ermənistanın təcavüzü nəticəsində həlak olanların ailələrinə, eləcə də Azərbaycan hökumətinə və xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.