“Azərbaycanın qələbə və həqiqət anı gəldi” – İsrailli politoloq
“Azərbaycan ordusunun tam qələbə və həqiqət anı gəldi”.
Bu sözləri tanınmış israilli politoloq Arye Qut Azərbaycanın cəbhə xəttində baş verən erməni təxribatına münasibətini bildirərkən deyib.
O, Ermənistan ordusunun sübh çağı Azərbaycanın dinc əhalisinə raket və artilleriya zərbəsi endirdiyini bu səhər xəbərlərdən öyrəndiyini bildirib:
“Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin düşmən tərəfindən intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Mülki infrastruktura ciddi ziyan dəyib”.
Politoloqun sözlərinə görə, iki il əvvəl o, İsrail mediasının nümayəndələri ilə yuxarıda sadalanan ərazilərin hamısını ziyarət edib.
“Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini ziyarət edərkən, dağıntıların, erməni təcavüzü və faşizminin nəticələrinin acınacaqlı, qəddar mənzərəsi ilə qarşılaşdıq. Xarabaya qalmış evlər, məktəblər, uşaq bağçaları və yandırılmış torpaq – zamanın və həyatın donmuş mənzərəsi, kabus kənd… Şoka salan mənzərələri, erməni vandalları tərəfindən dağıdılan və yandırılan evlərin, məktəblərin xarabalıqlarını gördük. Erməni silahlı qüvvələri Azərbaycan qəbiristanlıqlarını, sadə insanların məzarlarını dağıdıb, təhqir ediblər. Siz özünüz də baxıb snayper güllələri ilə məzar daşlarının üzərindəki fotoların vurulduğunu görə bilərsiniz, sanki dünyasını dəyişən azərbaycanlılardan da qorxurlar”.
O, bu əməllərin erməni işğalçılarının nifrət və qorxusundan xəbər verdiyini deyib.
Arye Qut son 17 ildə Azərbaycan rəhbərliyinin ölkənin iqtisadi potensialını gücləndirdiyini, güclü və müasir ordunun formalaşmasına şərait yaratdığını vurğulayaraq, bunu hər bir ölkənin uğurunu, inkişafını şərtləndirən vacib amillərdən biri olduğunu deyib:
“Bugünkü müasir, texnoloji cəhətdən güclü ordu müstəqilliyin möhkəmləndirilməsində, inkişaf etdirilməsində və ölkəni bölgədə əhəmiyyətli bir geosiyasi mərkəzə çevirməsində vacib rol oynayır. Hamı yaxşı başa düşür ki, kasıb və yoxsul Ermənistan Azərbaycanla rəqabət edə bilməz. Rəsmi Bakının tərəfində – tarixi ədalət, beynəlxalq hüquq, iqtisadi və hərbi güc, vətənpərvərlik ruhu dayanıb”.
Ekspertin sözlərinə görə, rəsmi Bakının əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Ermənistan Respublikasının işğalı altında olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu azad etməkdir:
“Bu həlledici mərhələdə xeyli irəliləyiş əldə edilib və proses davam edir. Müşahidələr göstərir ki, Azərbaycan bu mərhələyə status-kvonu dəyişdirmək və potensial hərbi üstünlüyünü daha da gücləndirmək üçün daxil olub. Aprel zəfərləri, Naxçıvan zəfərləri, Tovuzdakı qələbə Azərbaycan ordusunun və xalqının vətənpərvərlik ruhunu bir daha gücləndirdi, Azərbaycan xalqını tamamilə rahat ola biləcəyinə inandırdı: Azərbaycan ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir və hazırdır. Düşünürəm və hətta əminəm ki, Azərbaycan ordusunun qələbə və həqiqət anı gəldi”.
Politoloq bu gecə İsraildə Yom Kippur bayramının qeyd olunduğunu deyib. Onun sözlərinə görə, İsraildə bu gün başqa bir tarixlə – Yom Kippur müharibəsinin başlaması ilə də əlaqələndirilir. Ekspert bunun Azərbaycan xalqının zəfərli Yom Kipur müharibəsi, Azərbaycanın ədalət və ərazi bütövlüyü uğrunda bir müharibəsi olacağına əminliyini bildirib:
“Bu ədalətli müharibə Azərbaycanın beynəlxalq aləmdəki siyasi və hərbi gücünün bir əksi olacaq. Qələbə, şübhəsiz ki, Azərbaycan xalqınındır, çünki Ermənistandakı faşist və işğal rejiminin qələbə qazanmaq haqqı yoxdur”.
“Bu ərazilərdə dəfələrlə olmuşam, Azərbaycan əsgərinin və zabitinin əsl gücünü, vətənpərvərliyini görmüşəm. Bu xüsusi gündə səmimi qəlbdən Azərbaycan silahlı qüvvələrinə həqiqi və tam qələbəsini arzulayıram”, – deyə Arye Qut sözlərini yekunlaşdırıb.