İlham Əliyev BMT-də mühüm təkliflər irəli sürdü
Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atmışdır. Azərbaycan tərəfindən “Minilliyin İnkişaf Məqsədləri”nə nail olunması və “Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətində əldə edilmiş tərəqqi ona pandemiya ilə səmərəli mübarizə aparmağa imkan vermişdir. Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmiş və yenidən qurulmuşdur, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilmiş və ya əsaslı təmir edilib.
Bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.
Prezident bildirib ki, görülmüş tədbirlər nəticəsində ölkədə COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır: “Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilib. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.
Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz iki bərabər tranşla Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. İkinci tranş Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.
Azərbaycan Respublikası 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Zirvə toplantısındakı çıxışımda qeyd etdiyim kimi, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin mənafelərinin qorunması naminə əlindən gələni edəcəkdir. Azərbaycan ədaləti və beynəlxalq hüququ müdafiə edəcəkdir.
Təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusa qarşı videoformatda Fövqəladə Zirvə görüşü keçirildi. Mən Zirvə görüşündə Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi”.
Dövlət başçısı hesab edir ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcək:
“Beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir. Bu mənada mən bir neçə təklif irəli sürmək istəyirəm:
– Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbədir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir.
– Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır.
– Pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrilmişlər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır.
– Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır.
– Müxtəlif ölkələr tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır”.