TSEK əlillik üçün verilən sənədi niyə qəbul etmir?

“8 aydır evdən çıxmıram və bütün parametrlərim əlillik almaq üçün uyğun gəlir. Bakı 9 nömrəli Şəhər Poliklinikasına bütün sənədləri təqdim etmişəm. Forma 88-də mənə imtina yazılıb”. 

Bu sözləri onkoloji xəstə olan Pərvanə Mahir qızı Muradi şikayətində bildirib. İddiasına görə, ona əsassız şəkildə imtina verilir:

“Poliklinika yenidən sənəd göndərib. Ümumiyyətlə, son 1-2 ayda vəziyyət belədir, vətəndaşlara əsassız imtina verirlər. Poliklinika deyir ki, sənəddə biz hər şeyi doldurmuşuq. Tibbi Sığorta Ekspert Komissiyası özü qəsdən belə edir. Ona görə ictimailəşdirirəm ki, digər insanların da xəbəri olsun. Əlimizdə sənədlər var, sənədlərdən də görünür ki, poliklinika hər şeyi göndərib”.

Məsələ ilə bağlı 9 saylı poliklinikanın şöbə müdiri Lalə Hacızadə ilə əlaqə saxladıq. O bildirib ki, Pərvanə Muradiyə süd vəzisinin xərçəngi diaqnozu qoyulub:

“Biz sənədləri hazırlayıb göndərmişik. Sənəddə heç bir problem yoxdur. Bundan başqa xəstələrimizə də imtina gəlib. İmtina zamanı bildirirlər ki, poliklinika düzgün etməyib. Amma dediyim kimi sənəd haqqında məlumata baxıram, heç bir problem yoxdur”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizovanın sözlərinə görə isə Muradi Pərvanə Mahir qızı (1EFTF5S) Bakı 9 nömrəli Şəhər Poliklinikasından 31.08.2020 tarixində 0069003AACVK nömrəli forma 88-lə əlilliyin qiymətləndirilməsi üçün müraciət edib, əsas diaqnozu və ağırlaşmalarını təsdiq edən laborator-instrumental müayinələrin nəticələri və TSEK-yə göndərilən zaman xəstənin vəziyyətinin ətraflı qeyd edilməməsi səbəbindən müraciətə imtina cavabı verilib:

“Pərvanə Muradinin laborator və instrumental müayinələrin nəticələri qısa və qeyri-dəqiq yazılıb, limfa vәzilәrinin müayinəsində qoltuqaltı və körpücüküstü limfa düyünləri bərk ağrılı olduğu qeyd edilsə də, KT və UZİ müayinəsinin nəticələrində bu, öz əksini tapmır. Şəxsə süd vəzisinin xərçəngi T2N3M0 III mərhələ G2 kombinə olunmuş müalicədən sonrakı vəziyyət əsas diaqnoz kimi qeyd edilsə də, instrumental və laborator müayinələrin nəticələri bu diaqnozu təsdiq etmir”.

G. Əzizova qeyd edib ki, Pərvanə Muradi əlilliyin qiymətləndirilməsi üçün yenidən səhiyyə müəssisəsindən müraciət edə bilər:

“Növbəti müraciət zamanı şəxsin instrumental və laborator müayinələrin nəticələri və TSEK-yə göndərilən zaman xəstənin vəziyyəti ətraflı və dəqiq qeyd edilməlidir”./qafqazinfo/

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password