Təhsil Nazirliyi niyə bu statistikanı yayır?
Son üç gündür ki, Təhsil Nazirliyi təhsil sahəsində koronavirusa yoluxanlar haqda statistik məlumatlar paylaşır. Əslində Təhsil Nazirliyi bunu edən ilk qurumdur.
Bunu təhsil eksperti Kamran Əsədov məktəblərdə yoluxma statistikası ilə bağlı danışarkən qeyd edib.
Kamran Əsədov bildirib ki, onların bunu etməkdə məqsədi heç də təhsil alan şagirdləri, onların valideynlərini təşvişdə saxlamaq deyil:
“Əksinə, məsələnin tam şəkildə nəzarətdə saxlanıldığını göstərməkdir. Bəs burada sual çıxır ki, şagirdlər məktəbdə yoluxub, yoxsa məktəbə qədər? Axı indiyə qədər yoluxma dalğasının hətta ən pik nöqtəsində belə şagirdlərə, azyaşlı uşaqlara çox nadir hallarda rast gəlinirdi. İndi isə 8 gündür tədris ili başlayıb və 200-dən çox şagirdin və müəllimin yoluxmasını əks etdirən rəsmi rəqəmlər var. Məsələ budur ki, şagirdlər indiyə qədər hər hansı bir testin və ya yoxlamanın predmeti olmayıb və indiyə qədər azyaşlıları yoxlamaq, testə salmaq heç kim tərəfindən həyata keçirilməyib. Amma indi hər gün məktəbə daxil olan zaman şagirdlərin istiliyi yoxlanır. Hərarəti olan şagirdlər, müəllimlər test və müayinəyə cəlb edilir, bundan sonra virus aşkar edilənlər tədris prosesindən kənarlaşdırılır. Şagirdlər və müəllimlər arasında koronavirusa yoluxanların olması qaçılmaz idi. Bu, bütün dünyada var. Məsələ onun geniş yayılmasının qarşısını almaqdır. Çox təəssüf ki, yoluxmalarda günahkar iki tərəfdir. Birincisi valideynlər, ikincisi məktəblər.
Valideynlər ona görə günahkardır ki, övladlarını məktəbə yola salanda binanın qarşısında böyük sıxlıq yaradırlar və ara məsafəsi gözlənilmir.
Məktəblər ona görə günahkardır ki, yalnız bir giriş və çıxışdan istifadə olunur və nəticədə sıxlıq yaranır.
Əlbəttə ki, yoluxma halları nəzarət çərçivəsindən çıxsa, sərt tədbirlər həyata keçirilə bilər. Amma bu, tədrisin tam dayanması ilə nəticələnməməlidir. Çünki biz bütün hallarda virus ilə yaşamağa məcburuq. Qapanma ilə yalnız sayı azaltmaq mümkündür, məsələnin həlli üçün bu, yetərli deyil”.
Təhsil eksperti yeni təkliflə də çıxış edib:
“Məktəblərdə qoruyucusu maskalardan istifadənin şagirdlər üçün də məcburi olması, şagirdlərin əllərini hər tənəffüs zamanı yuması, məktəblərdə bir yox, bir neçə giriş və çıxışdan istifadə edilməsi lazımdır”./axar.az/