Qiymət qat-qat baha göstərilir, lazımsız xərclər var – Deputat
Apardığımız monitorinq və təhlillər göstərir ki, büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmasına ehtiyac var.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, xüsusilə, dövlət satınalmalarında və tenderlərdə şəffaflığın artırılması ilə bağlı işlər sürətləndirilməlidir: “Doğrudur, İqtisadiyyat Nazirliyi son aylar bu sahədə sistemli fəaliyyət həyata keçirməyi hədəfləyir. Bununla yanaşı, dövlət satınalmalarında həm qanunverici bazanın, həm də praktik mexanizmlərin təkmilləşdirilməsi məqsədəuyğundur.
Dövlət büdcəsi vəsaitin hesabına təşkil edilən tenderlərdə şəffaflığın tam təmin olunması büdcə pullarının səmərəli xərclənməsi baxımdan vacibdir. Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verir. Tendersiz satınalmalar dövlət vəsaitinin şəffaf xərclənməsniə kifayət qədər şübhələr yaradır. Eyni zamanda, büdcə nəzarətinin də gücləndirilməsinə ehtiyac var”.
V.Bayramov qeyd edib ki, bütövlükdə, istər pandemiyanın davam edən aylarında, istərsə də postpandemiya dövründə büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də xərcləmələrin optimallaşdırılması prioritetliyini qoruyub saxlamalıdır.