Pakistan səfiri: Azərbaycan çətin dövrlərdə Qoşulmama Hərəkatına bacarıqla rəhbərlik edir
Azərbaycan çətin dövrlərdə Qoşulmama Hərəkatına bacarıqla rəhbərlik edir, çünki məlum olduğu kimi inkişaf etməkdə olan ölkələr digər ölkələrlə müqayisədə COVID-19 pandemiyası ilə əlaqədar yaranan səhiyyə, humanitar və iqtisadi çətinliklərlə daha çox üzləşir.
Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi deyib.
O bildirib ki, Pakistan Azərbaycanla qardaşlıq əlaqələrinə böyük əhəmiyyət verir:
“Pakistan Prezidenti Arif Alvi 2019-cu ilin oktyabrında baş tutmuş Qoşulmama Hərəkatının 18-ci sammitində Pakistan nümayəndə heyətinə başçılıq edib. Sammit zamanı Pakistan Prezidenti həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Pakistan Prezidenti COVID-19 pandemiyası ilə bağlı fəsadların müzakirəsi məqsədilə çağırılmış onlayn sammitdə iştirak edib. Biz, həmçinin Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiyasının çağırması təşəbbüsünü yüksək qiymətləndiririk. Azərbaycana Baş Assambleyanın bu vacib sessiyasında sədrlik etmək tapşırılmışdı. Pakistan bu təşəbbüsü dəstəkləməkdə davam edir və xüsusi sessiyada fəal iştirakını davam etdirəcək”.
B.Hayi əlavə edib ki, Pakistan COVID-19 pandemiyasına beynəlxalq reaksiyanın gücləndirilməsi üzrə Qoşulmama Hərəkatının təşəbbüsünə öz töhfəsini verməyə hazırdır:
“Biz məmnuniyyətlə qeyd edirik ki, COVID-19 pandemiyasına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində təşkilatın fəaliyyətinin aktivləşməsi üçün səy göstərir. Azərbaycan Prezidentinin bacarıqlı rəhbərliyi altında Qoşulmama Hərəkatı üzv dövlətlərinin maraqlarının təşviqi üzrə işini gücləndirib. Bu, Azərbaycanın BMT və Qoşulmama Hərəkatında təşəbbüslərində özünü göstərir. Pakistan və Azərbaycan bir sıra məsələlərdə ümumi görüşə malikdir. Hər iki ölkə BMT-də və Qoşulmama Hərəkatı da daxil olmaqla digər beynəlxalq forumlarda öz fəaliyyətini əlaqələndirir”.