Əbədiyyət üfüqündə doğulan general
Respublikamızın sərhəddində baş verən son döyüşlər bir daha göstərdiki, vətənimiz Azərbaycanda igid oğullarımız yetərincədir. Və bu hal çox qürurvericidir. Vətən, torpaq, azadlıq uğrundakı döyüşlərdə qəhrəmanlıqla vuruşub şəhidlik zirvəsinə yüksələnlər də çoxdur, o qanlı döyüşlərdən öz bədənlərində nişanələr, qəlpələr, yaralar daşıyanlar da.
Bu gün mən son aylarda baş vermiş o qanlı hadisələrdə şəhidlik zirvəsinə ucalan, rüşvət almadan kirayələrdə qala-qala döyüşlərdə iştirak edən, öz şəxsi hesabına cəbhədə postlar tikən, sağikən adına post olan general-mayor Polad Həşimovdan yazmaq qərarına gəldim.
Cəbhə bölgələrinə, oradan da Bakıya ona verilən xidməti maşınla gələrdi. Sonra da o, maşını nazirliyə təhvil verib, şəxsi işləri üçün, evinə metro ilə gedərdi. Rahat kreslosunda rahatlıq tapmayan qəlbi, ruhu cəbhə bölgələrində və oradakı əsgərlərdə qalan general-mayor Polad Həşimov…
Dörd il əvvəl Aprel döyüşlərində göstərdiyi xüsusi sücaətə görə ordenlə təltif edilmiş və ona dövlət tərəfindən ev verilmişdir. Lakin Polad Həşimov həmin evi ehtiyacı olan bir şəhid ailəsinə bağışlamış, özü isə yenə də ailəsi ilə birgə kirayədə yaşamağa davam etmişdir.
General şəhidimiz haqqında o qədər sözlər var ki, onlar nə qəzet səhifələrinə, nə kitablara, nə də saytlara tam şəkildə sığmaz. Bu nur üzlü generalın üzündə, cismində sanki Cənnətin işığı, nuru cəmləşmişdir. Əsgərləri onu tək generalları, komandirləri kimi deyil, mənəvi ataları kimi də çox istəyib, yolunu saxlayırdılar. Hətta bu gün onlu-onsuzluqdan darıxan əsgərlərinin bir neçəsinin Polad Həşimovla bağlı xatirələrini sizə çatdırmaq istəyirəm.
Əsgər Roman Bədəlov generalı haqqında bunları dedi: «9-10 ayın əsgəri idim. Bir müddət idi ki, «botinka» ayağımı yara etmişdi. Ayağımın altı şişmiş, suluxlayıb qıp-qırmızı olmuşdu. Eyni zamanda, ayaqlarımın hər ikisini yerə basanda ağrılar hiss edir və suluqların içərisindən su axırdı. Lakin bu barədə heç kimə bir söz demir və xidmətimə davam edirdim. O vaxt səngərə baxışa gələn generalla rastlaşdım. Demə, o, bir neçə saniyə əvvəl kənardan məni görübmüş. Üz-üzə gəldiyimiz zaman isə «niyə axsayırsan, əsgər?» – deyərək ciddi-ciddi üzümə baxdı. Əvvəlcə onun zəhmindən çəkindim, heç, deyərək, başımı aşağı saldım. O, eyni sözü bir də təkrar soruşduqda başımı yuxarıya belə, qaldırmağa cəsarət etmədən dilim dolaşa-dolaşa «botinka» ayağımı döyüb, «bişirib», komandir, dedim. Üzümə baxdı, «vəndamlılar» çox dözümlü olur, heç nə olmaz deyərək, getdi. Mən də öz bölüyümüzə qayıtdım. Axşamüstü saat 5-6 radələri olardı. Mənə xəbər gəldi ki, təcili səni qərargaha çağırırlar. Etiraf edim ki, bir az qorxdum, həyəcan keçirdim ki, görəsən, nə olub, nə etmişəm? Ağlıma yüz fikir gəldi. Hətta evimizdə də xəstə yatan atam belə ağlıma gəldi ki, görəsən, kişiyə bir şey olmayıb ki? Fikirlər içərçində qərargaha gəldim. Dedilər ki, içəri keç, Həşimov səni çağırır. Otağa daxil oldum. Həşimov «otur, bala» deyərək, stolun üstünə bir bağlama qoydu və dedi: «Bala, izinlisən, get, 10 gün sənə icazə vermişəm. Ayaqlarını müalicə etdir, dincəl, yaxşı ol, sonra gələrsən».
Mən söz tapa bilmədim. Amma və hiss etdim ki, üzüm qıp-qırmızı olub. Bunu sanki general da hiss etdi və gülümsəyərək, «dur get, kişinin başına iş gələr» dedi. Ayağa qalxdı. Mən də tez oturduğum yerdən durub çest verib, təşəkkürümü bildirdim. Otaqdan çıxanda mənə stolun üstündəki bağlamanı verdi ki, bu sənindir.
Qeyri-ixtiyari olaraq bağlamanı aldım. Mən də «gələndə Vəndamdan sizə nə gətirim?» – deyə soruşdum. O isə üzümə gülümsəyərək baxıb dedi: «Sağlam ayaqlarını. İndi get, qayıdanda onları gətir».
Otaqdan çıxıb bölüyə yol üçün hazırlaşmağa gəldim və o vaxt generalın mənə verdiyi bağlamanı açdım. İçərisində təptəzə «botinka» vardı…».
Digər bir əsgərin general Polad Həşimovla bağlı dedikləri: «Bir gün bərk soyuqlamışdım. Özkürür, bir azda hərarətim vardı. Bakıdan bir neçə saat olardı ki, general-mayor Həşimov gəlmişdi. Postu gəzərkən məni görüb «ay bala, nə olub?» – deyə soruşdu. Dedim ki, heç, komandir, bir az xəstələnmişəm. Əlini çiynimə toxundub, gülümsəyərək dedi: «Əsgər xəstələnməz».
Mən də utanıb başımı aşağı dikdim. O isə öz növbəsində, dedi: «Başını dik tut. Sən Azərbaycan əsgərisən!»
Mən qəddimi düzəldib çest verib, oldu, komandir, deyib postuma getdim.
Qeyd edim ki, o gün postda xidmətdə mən idim. Heç yarım saat keçmədi ki, Həşimov posta gəldi. Saat təxminən 10-11 radələri olardı. Cənab general dedi ki, «əsgər, get, mənim otağıma, bu gün postda sənin yerinə xidməti mən aparacağam. Mənim otağımda həkim də var, çağırtdırmışam, səni gözləyir. Get, dava-dərman versin, iç, sonra da mənim çarpayımda yat, dincəl. Səhər gəlib postunu təhvil alarsan».
Mən sanki bir anlıq şoka düşmüşdüm. Bunu hiss edən general bildirdi ki, «ay əsgər, bu bir əmrdir. Olmaya əmri yerinə yetirmək istəmirsən?» Mən udquna-udquna cavab verdim ki, yox, ay komand, sadəcə, siz burda, mən orda? Hələ bir sizin yerinizdə də yatım, siz də səhərədək burda postda mənim yerimə keşik çəkəsiniz? Bu zaman Həşimov əllərini paqonlarına aparıb bildirdi ki: «Rəsulov, bu paqonlar sizlər varsınız deyə var, sizsiz mənə nə paqon, nə orden? Mənim ordenim də, paqonlarım da siz əsgərlərimsiniz. Odur ki, get, bala, dincəl, sabah görüşərik…».
Digər bir əsgərin xatirəsi: «Həşimov bizə tək səngərlər yox, hamam, ayaqyolu, mətbəx belə tikdirmişdir. O vaxta qədər biz əsgərlər çox əziyyət çəkirdik…».
HAŞİYƏ: Bəli, Həşimovun xanımı da mətbuata verdiyi müsahibələrində həqiqətən həyat yoldaşının bankdan 50 min manat kredit götürüb səngərdə əsgərlərin şəraitinin yaxşılaşdırılmasına xərclədiyini və illərlə hər maaş aldıqca banka olan borcunu qəpiyinədək öyədiyini bildirmişdir. Xanım eyni zamanda, Həşimovla bağlı xatirələrində onu da vurğulamışdır ki, həyat yoldaşı hər dəfə səngərə gedəndə nəinki ərzaq alıb aparardı, hətta elə olub ki, evdən qabyuyan şampunları belə götürüb aparardı. Mən də zarafata salıb deyərdim ki, ay komandir, ta onları niyə aparırsan? Cavabında Polad belə deyərdi: «Canım, əsgərlər qabları qumla yuyur, əlləri qabar-qabardı. Ona görə aparıram ki, əlləri xarab olmasın…».
Bəli, bu gün Həşimovla bağlı yüzlərlə belə faktlar var. Öz hesabına bazarlıqlar edərək ac vaxtlarında əsgərlərin qarnını doyuran, generalım, sən Cənnəti elə bu dünyada qazanıb, hər bir Azərbaycan övladının ağlına, ürəyinə, tarixinə adını qızıl hərflərlə həkk etdirdin. Bu xalq, bu millət nə qədər var, sən də var olacaqsan. Gedən cismindir, ruhun tək ailənlə, ananla, bu xalqa əmanət qoyub getdiyin o iki gül balalarınla deyil, həm də bizlərlədir. Cənab general, sən həmişə
deyərdin: «Vətən mənim tərcümeyi-halım, şanlı keçmişim, şərəfim, namusum, bu günüm, sabahım, əbədiyyətimdir!»
Bəli, nur üzlü generalımız, sən bizim əbədiyyətimiz, qürurumuz, fəxrimiz oldun. Sən sadəlik, təvazökarlıq simvolu oldun. İşində peşəkar komandir, general olaraq şərəfli həyat yolu yaşadın. Azərbaycan tarixinə öz adını şərəf və ləyaqətlə yazdırdın. Allah sənə qəni-qəni rəhmət eləsin, cənab generalım! Gözün, ruhun arxada qalmasın. İnanırıq ki, sən və sənin timsalındakı bütün şəhidlərimizin intiqamı alınacaq. Qaçqın, köçkün düşmüş, el-oba həsrəti çəkən həmyerlilərimiz öz ata-baba yurdlarına tezliklə dönəcəklər. Və sizlərin də ruhu dinclik tapacaq. Biz buna inanırıq. Çünki bu dövlət, bu xalq, bu millət sahibsiz deyil. Bu dövlətin Ali Baş Komandanı, cənab İlham Əliyev kimi prezidenti var. Bu dövlətin keşiyində duran mərd əsgəri, polisi, qeyrətli qızları, oğulları, vətəndaşları var ki, onlar gücü Polad kimi oğullarımızdan alırlar.
Rövşanə Nağıyeva