DİN oğurlanaraq pul tələb edilən şəxsin ölümü ilə bağlı məlumat yayıb

Yevlax şəhərində yaşayan C.Xəlilovu döyərək zorla saxlamaqda, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaqda şübhəli bilinən X.Balayev və R.Ramazanov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 11-də Yevlax şəhərində yaşayan əvvəllər məhkum olunmuş Ceyhun Xəlilovun daxili qanaxma ilə Yevlax şəhər mərkəzi xəstəxanasına yerləşdirilməsi və sentyabrın 14-də orada ölməsi faktı ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

C.Xəlilovun həyat yoldaşı izahatında ərinin avqustun 23-də Abşeron rayonu ərazisində naməlum şəxslər tərəfindən döyülməsini bildirmişdir.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri X.Balayev və əvvəllər məhkum olunmuş R.Ramazanov saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir.

R.Ramazanovdan lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı ov tüfəngi, 5 ədəd patron, 2 ədəd nunçaqa, 1 ədəd xəncər və 2 ədəd bıçaq götürülmüşdür.

Araşdırmalarla onların cari il avqust ayının 23-də C.Xəlilovu R.Ramazanovun yaşadığı evə aparıb döyərək orada zorla saxlamaları, həyat yoldaşından 1000 manat aldıqdan sonra buraxmaları müəyyən edilmişdir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127, 182 və 228-ci maddələri ilə cinayət işi başlanmışdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password