XİN: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin 19 sentyabr tarixində “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli KİV-ə müsahibəsində hər zamankı kimi tarixi həqiqətləri əks etdirən və real faktlara əsaslanan tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa etdi. Ermənistan XİN-in bu xüsusda yaydığı ənənəvi saxta və riyakar açıqlama isə bu ölkənin acı həqiqətləri hələ də qəbul etmək iqtidarında olmadığını nümayiş etdirir”.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Prezidenti İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində yerli KİV-ə müsahibəsi ilə bağlı Ermənistan XİN-in açıqlamasına münasibət bildirərkən deyib.
“Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirən, bölgədə münaqişə ocağı yaradaraq uzun illərdir ki, dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədən bir ölkədir. Bu ölkənin öncəki kriminal xunta rejimi kimi, hazırkı təxribatçı rəhbərliyi də bölgədəki vəziyyəti və ətrafda cərəyan edən hadisələri düzgün qiymətləndirmək və öz xalqının maraqlarını təmin etməkdən çox uzaqdır. Təəssüf doğuran bir haldır ki, milli maraqlar əsasında müstəqil siyasət yürütmək, bölgədə sülh, təhlükəsizlik və rifahın verə biləcəyi faydanı dərk etmək hələ də Ermənistana nəsib olmayıb.
Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır və beləliklə də elə Ermənistanın səbəbkarı olduğu münaqişəni danışıqlar yolu ilə həll etmək imkanını heçə endirir. Ermənistan Baş nazirinin danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri, danışıqlarla bağlı əsassız qeyd-şərtlər irəli sürməsi, 2019-cu ilin avqustunda səsləndirdiyi cəfəng bəyanatı, 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın mövqelərinə hücumu, 23 avqust tarixində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin nümayişkaranə şəkildə həyata keçirilməsi və digər bu kimi təxribatlar münaqişənin siyasi həllinə birbaşa zərbədir və bunun məsuliyyəti bilavasitə Ermənistan rəhbərliyinin üzərindədir”, L.Abdullayeva bildirib.