DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının qitələr üzrə seçmə mərhələsinin formatı dəyişdirilə bilər.
Bu barədə FIFA prezidenti Canni İnfantino açıqlama verib. İsveçrəli funksioner pandemiya aradan qalxmayacağı və zəifləməyəcəyi təqdirdə, normal futbol oynanılmayacağından narahatlıq ifadə edib. O, yığmaların oyunlarının Avropada bərpa olunması münasibətilə UEFA-nı təbrik edib. İnfantino oktyabrdan Cənubi Amerika qitəsində də seçmə matçların keçirilməyə başlayacağını xatırladıb.
FIFA prezidenti üzərində işlədikləri oyunlara qayıdış protokolunun gələn həftə hazır olacağını açıqlayıb: “Biz yığmaların oyunları üçün yeni pəncərəni 2022-ci ilin yanvarına proqnozlaşdırırıq. Seçmə matçlar əvvəlki kimi martadək yox, iyunadək davam edəcək. Belə bir faciəvi situasiyada bəxtimiz gətirdi ki, dünya çempionatı noyabr – dekabrda olacaq. Bu, bizə bütün dünyada təsnifat mərhələlərini keçirmək üçün bir qədər çox vaxt verəcək”.
İnfantino bildirib ki, dünya çempionatı planetin ən vacib yarışı kimi təkcə FIFA deyil, bütün ölkələr üçün prioritetdir. O, seçmə oyunların lazım gəlsə, digər tarixlərdə də təşkilinin mümkünlüyünü dilə gətirib: “Avropada 2 oyun əvəzinə 3-nün eyni pəncərədə təşkili təcrübəsi var. Bunun necə alınacağına və digər yarışlarda istifadəsinin mümkünlüyünə baxacağıq. Digər konfederasiyalar üçün başqa bir plan matçların ev və səfər prinsipi ilə deyil, bir yerdə keçirilməsidir. Biz əmin olmalıyıq ki, seçmə oyunlar keçiriləcək və 2022-ci ildə bizi fantastik dünya çempionatı gözləyəcək”.
Qeyd edək ki, DÇ-2022 üçün Avropa zonası üzrə seçmə mərhələnin keçirilmə tarixi hələ təsdiqlənməyib. Bu tsikl Cənubi Amerikada oktyabrda, Şimali Amerika və Okeaniyada 2021-ci ilin martında başlayacaq. Asiya və Afrikada təsnifat oyunları 2019-cu ildə start götürsə də, koronavirus pandemiyası üzündən dayandırılıb və 2021-ci ildə bərpa olunacaq. Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.