Xəbər verdiyimiz kimi, 18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bu münasibətlə Xalq artistləri Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Aygün Bayramova, Əməkdar artistlər Aybəniz Haşımova, Elnarə Abdullayeva və başqa tanınmış sənət adamları sosial şəbəkələrdə musiqisevərləri təbrik ediblər.
Aybəniz Haşımova qeyd edib ki, Şövkət Ələkbərovanın sənətə gətirilməsində maestronun böyük rolu olub:
“Peşəkar Azərbaycan musiqisinin yaradıcılarını, ustadım Şövkət Ələkbərovanın sənətə gətirilməsində və musiqimizin dünya səviyyəsində tanınmasında əvəzsiz xidmətləri olan dahi musiqiçini hörmətlə anır və ruhuna fatihələr oxuyuruq. Siz ürəyimizdə həmişə yaşayacaqsınız, əvəzsiz Üzeyir Hacıbəyli”.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.