Ermənistanın 2016-cı ildəki məğlubiyyətinin “qapazaltısı” “təyin edildi”
2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin darmadağın olmasının səbəblərinin araşdırılması üçün yaradılmış Ermənistan Milli Məclisinin İstintaq qrupunun işi yekunlaşmaq üzrədir. Hərbi fiaskonun əsas “qəhrəmanı” roluna böyük ehtimalla, Ermənistan silahlı qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov təyin olunacaq.
Sfera.az xəbər verir ki, 2016-cı ilin aprel ayında baş vermiş silahlı toqquşmaların səbəblərini araşdıran istintaq qrupu öz bir illik fəaliyyətinin və tədqiqatların nəticələrini yaxın vaxtlarda açıqlayacaq. Komissiya üzvlərinin rəyinə görə, aparılmış tədqiqatların nəticələrinə əsasən, bir sıra cinayət işlərinin qaldırılacağı istisna edilmir. Ermənistan xəbər agentliklərinin məlumatına görə, cinayət işi ilk növbədə, Ermənistan silahlı qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Yuri Xaçaturova qarşı qaldırılacaq.
İstintaq qrupunun müəyyən etdiyi nəticələrdən biri də odur ki, həmin ərəfədə Moskvada keçirilmiş danışıqlar nəticəsində dörd günlük silahlı toqquşmanın dayandırılması üçün atəşkəs elan edilməsi haqqında yazılı sənəd və ya protokol aşkar edilməyib.
Xaçaturova sıralanan digər cinayət onun Ermənistana qayıtmasından sonra ali baş komandanlarına razılaşdırılmış sazişin nəticələrini məruzə etməməsi və bu haqda rəsmi protokolun təqdim olunmamasıdır.
Görünür, dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ almış Nikol Paşinyanın “qara siyahısına” düşmüş erməni general məhz hakimiyyət uğrunda aparılan siyasi repressiyaların növbəti qurbanıdır. Ən gülməlisi isə odur ki, Xaçaturova qarşı səsləndirilən ittihamın formulirovkası belədir: Sən kiminlə və nə haqda razılıq əldə etmisən?
Gülməlidir, deyilmi? İstənilən dövlətin silahlı qüvvələrinin vəzifəcə ikinci adamının guya dövlət rəhbərliyinin xəbəri olmadan hansısa addım atması təbii ki, ağlasığmazdır və belə hal mümkün deyil.
Bizdən isə işğalçı ölkəyə həmişəki kimi məsləhət: heyvanlar aləmi haqqında televiziya verilişlərinə tez-tez baxın ki, təbiətin əsas qanunu olan “təbii sağqalma” instinktlərinin tələblərini biləsiniz. Çünki Ermənistanda hazırda baş verən siyasi proseslərin gedişatı da hakimiyyətdə ən güclü olanların qalacağını ehtimal etməyə əsas verir.
Erməni siyasətçilər isə hakimiyyətdə qalmaq üçün hər yola əl atırlar, yalan, alçaqlıq, satqınlıq kimi hallar onlar üçün adi məsələlərdir.
Xatırladaq ki,saytımızın 15 sentyabr tarixində verdiyi “Ermənistan siyasətçiləri bir-birlərinin yalanlarını ifşa edirlər” başlıqlı yazıda 2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin darmadağın olmasının səbəblərinin araşdırılması üçün yaradılmış Ermənistan Milli Məclisinin İstintaq qrupunun sədri, “Mənim addımım” blokunun təmsilçi deputatı Andranik Köçəryanın Ermənistanda fəaliyyət göstərən radiostansiyalardan birinə verdiyi müsahibə zamanı Ermənistanın maraqlarına cavab verməyən fikirlər səsləndirməsinin işğalçı ölkədə növbəti qalmaqala səbəb olduğu barədə məlumat verilib.(mediapost)