Ermənistanda azərbaycanlılara məxsus minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib – Yaqub Mahmudov
Erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, ilk mənbələr, o cümlədən arxiv sənədləri indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə – Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan (1918) dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanıldığını sübut edir. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə daxili işlər nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan toponimlərinin erməniləşdirilməsi prosesi davam etdirilib. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin adı dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilib. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 Azərbaycan yaşayış məskəninin adları dəyişdirilib. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 1991-ci il 8 avqust tarixli fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 2006-cı il 4 iyul tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib.
Ermənistan ərazisində çay, göl və dağ adlarının dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilib. Məsələn, Göycə gölü “Sevan”, Zəngi çayı “Hrazdan”, Arpaçay “Axuryan”, Ələyəz dağı “Araqats”, İşıxlı dağı “İşxanasar”, Ağbaba dağı “Qukasyan”, Dərəçiçək yaylağı “Tsaxkadzor” adlandırılıb. Bundan başqa, uzun tarixi dövr ərzində “Valarşahabad” kimi işlənən toponim erməni ədəbiyyatında təhrif olunaraq “Vağarşabad” formasına salınıb. Erməni dilində heç bir izahı olmayan “Valarşahabad” toponimi Arşakilər sülaləsindən olan Sanatürkün oğlu Valar şahın adı ilə bağlıdır:
“Azərbaycan toponimlərinin erməniləşdirilməsi əsasən aşağıdakı qaydada həyata keçirilib:
1) İlk növbədə azərbaycanlıların soykökü, onların tarixi keçmişi ilə bağlı olan yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə xüsusi diqqət yetirilib. Məsələn, Bayandur – Vağadur, Sərdarabad – Hoktember və s.
2) Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilib. Məsələn, Daşqala – Karaberd, Dərəçiçək – Tsaxkadzor və s.
3) Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilib. Məsələn, Sultanabad – Şurabad, Aşağı Necili – Sayat Nova və s.
4) Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə, ona oxşar, lakin erməniləşdirilmiş adla əvəz edilib. Məsələn, Ələyəz – Araqats, Gabud – Kapuyt və s.
5) “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri ilə başlanan Azərbaycan yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə, yəni müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində verilib. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Nerkin Zeyvə – Hartaşen, Mets Kəpənəkçi – Musaelyan və s.”